“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” – Müəllimlər üçün yenilik

0
9160
emin-emrullayev-tehsil-naziri

“Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Sertifkatlaşdırmaya yanaşmamız budur ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçsin. Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, – nazir qeyd edib.

***

Emin Əmrullayev əlavə edib ki, gələn il 25 mindən çox müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir: “Bu məqsədlə dövlət büdcəsində əlavə 58.4 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqıya əlavələrlə bağlı 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il artıq demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyətinin sertifikatlaşdırılma prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi qalacaq. 2027-dən artıq 2022-ci ildə sertifikatlaşdırmadan keçən müəllimlər təkrar ikinci dövrədə sertifikatlaşdırmaya cəlb olunacaq”.

“2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 5 mindən çoxu, 86 min uşaq məktəbəhazırlığa cəlb ediləcək. Məktəbəqədərlə bağlı ana problem odur ki, 1-5 yaşlı uşaq məktəbəqədər təhsilə getməlidir. Bir uşağın dövlətə düşən xərci 4500 manatdır”.

“Azərbaycanda 600 min uşaq var. Yəni biz bütün uşaqları məktəbəqədər təhsilə göndərmək istəyiriksə, təxminən bu, 2.7 milyard manat edir. 2.7 milyard manatın sadəcə məktəbəqədər təhsilə yönəldilməsi təbii ki, qeyri-realdır. Dünyanın heç bir yerində belə sistem yoxdur ki, məktəbəqədər təhsildə dövlət bütün uşaqların xərcini özü ödəsin. Bu problemin həllinin fərqli alternativ model tələb etdiyini nəzərə alaraq fərqli modellər tətbiq edirik.

Burada mütləq baxçaya gedən uşağın valideynlərinin sosial qruplara aid olub-olmaması meyar kimi götürülməlidir, ana işləyir, ya yox. Şəhər və kənd yerlərində fərqlər qoyulmalıdır. İcma əsaslı məktəbəqədər ənənəvi məktəbəqədərdən təxminən 8 dəfə ucuz başa gəlir. Yəni biz bir uşağı məktəbəqədər məktəbə göndərmək əvəzinə, 8 uşağı icma əsaslı məktəbəqədərə göndərə bilərik. Mahiyyət etibarilə bu model işləyir”, – nazir bildirib.

Əvvəlki məqaləAzyaşlıların pornoqrafik videolarını satanlar tutuldu – Kiberpolisdən əməliyyat
Növbəti məqalədə“Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək”