Qədim tarixə malik Binəqədi rayonu – Faktlar

0
281
qedim-bineqedi-tarix-qir-golu

Binəqədi qəsəbəsində təxminən 200 min il yaşı olan fauna və flora qəbiristanlığı var. 1938-ci ildə aşkarlanmış bu ərazidən buz dövründə yaşamış və hazırda nəsli kəsilmiş heyvanların sümükləri tapılıb. Onlar arasında Binəqədi kərgədanı, nəhəng maral, mağara kaftarı və digərlərinin qalıqlarına rast gəlmək olur. Bu qəbiristanlığın yaranmasının çox maraqlı tarixçəsi vardır.

Belə ki, indiki Binəqədi qəsəbəsinin 60-70 hektarlıq bir hissəsi qədimdə qır gölü olub. Yay aylarında gölün üzərindəki parıltı heyvanlar üçün ilkin aldadıcı əlamət imiş. Su içmək niyyətində olan quşlar neftli-mazutlu gölə qonan kimi yapışıb və zəhərlənərək, qidasız qalaraq məhv olublar. Səthində parıltı və saysız-hesabsız quş cəsədləri olan göl uçan-qaçan müxtəlif növ heyvanlara “gəl-gəl” deyib. Gölün yapışqan sahilləri su içməyə gələn iri məməli heyvanları da tələyə salıb. Onların cəmdəkləri leş yeyən heyvanların asan əldə edilən yemi olub. Yırtıcılar qıra batmış quş və digər heyvanların cəmdəkləri uğrunda bəzən biri-biri ilə vuruşublar. Yem və vuruş bitdikdən sonra “ayılıblar” ki, yapışqan qır artıq onların da “möhürünü” vurub. Qısası, ac toyuqların yuxusu yalançı həqiqətə çevrilib. Bu minvalla göl yüzlərlə heyvanı, həşəratı özünə cəlb edib və qış aylarına kimi udub. Soyuq havalarda ölüm yuvasının üzəri hamar qartmaq bağlayıb və sanki burada heç nə baş verməyibmiş kimi bir mənzərə alıb. İstilər düşəndə isə üst təbəqə yenidən əriyib. Beləcə, hər ilin yayında ölüm gölü aldadıcı görüntüsü ilə yeni qurbanlarını çağırıb və saylarını artırıb.

bineqedi-tarix-qir-golu

Binəqədi qır gölü sonralar geoloji proseslər nəticəsində quruyub, ərazi qabarma və enmələrə məruz qalıb. VI əsrdə (ehtimal var ki, daha qədimdə) həmin ərazidə Binəqədi kəndi salınıb. Kənd dövrümüzəcən o qədər genişlənib ki, elm üçün zəngin miras saxlayan qəbiristanlıq hazırda cəmi 1,5 hektar ərazini əhatə edir. Bu kiçik sahə hazırda daşlaşmış qır, nazik qum və ot təbəqələrindən ibarətdir.

Qırın mənbəyi
Abşeron yarımadası müasir dövrdəki kimi, neft yataqları ilə bol olmuşdur. Bu cür bolluq neft gölməçələri, bataqlıqları, üzərini neft pərdəsi örtmüş su yığnaqları, həmçinin neft və qaz püskürən palçıq vulkanları ilə müşahidə olunur. 1000-1500 metr dərinliklərdən qaynaqlanan bu təbii neft göllərinin tərkibində uzun geoloji dövr ərzində bitum qatı əmələ gəlir və həmin mazut yığınları qır-bitum gölməçələrinə çevrilir. Onlara təbii qətran gölməçələri də deyilir. Qırlaşmanın əsas səbəbi qatılığa meylli olan maddələrin üstünlük təşkil etməsidir. Şoranlı Abşeron yarımadasında buxarlanmanın yağıntıya nisbətən çox olması da bu qatılaşmada xeyli rol oynayır.

Elm üçün zəngin sərvət
Sözügedən ərazi ictimaiyyət arasında məşhur olmasa da, elmdə “Dördüncü dövr, flora və fauna qəbiristanlığı” kimi tanınır. Abşeron təbiət abidəsi statusu almış bu qəbiristanlıq Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin nəzdindədir. Binəqədi fauna və flora qəbiristanlığı dünyada ən zəngin paleontoloji xəzinə hesab olunur. Alimlər onun vasitəsi ilə Azərbaycan ərazisinin qədim təbiət aləmini öyrənirlər.

Belə ki, qəbiristanlıqdan qalıqları tapılmış heyvanlar skeletlərinin, o cümlədən dişlərinin və buynuzlarının ölçülərinə, həmçinin qidalanma tərzlərinə görə öz müasirlərindən və digər ərazilərdə mövcud olmuşlardan fərqlənirlər. 1940-cı ildə tapılmış sümüklərdən Binəqədi kərgədanının skeleti bərpa edilib və bu günə qədər Təbiət Tarixi Muzeyində nümayiş etdirilir. O, yalnız sümüklərinin ölçüləri yox, uzun tükləri ilə də alimləri xeyli maraqlandırır. Halbuki, müasir kərgədanların dərisi tüksüz və ya müvəqqəti xırda tüklü olur. Kərgədanın uzun tüklərə malik olması təxminən 200 min il bundan əvvəl iqlimin indikindən xeyli soyuq olduğuna işarədir.

Mağara kaftarı iri dırnaqlı heyvanların sümüyünün iliyini xoşlayırmış. Güclü çənəyə malik olan bu heyvan başqalarının sümüklərini asanlıqla sındırırmış.

Nəhəng maral 5 metr hündürlüyü, gücü, cəldliyi, daha qəşəng qaməti, alimləri təəccübləndirən qədər ağır olan buynuzları ilə müasirlərindən seçilirmiş. Buynuzlarının ağırlığı onun son dərəcə yüngül və zərif hərəkət etməsinə qətiyyən əngəl olmayıb. Bu heyvanın uzunluğunu müəyyən etmək üçün tapılan sümüklər kifayət etmir. Tədqiqatlar sübut etmişdir ki, nəhəng maral Binəqədi qır gölündən əvvəl– indiki dövrdən təxminən 300-400 min il qabaq yaşayıb.

Kolleksiyada nəhənglərin arasında xırda cücülər də vardır və onların bəziləri elə görünür ki, sanki canları hələ də özlərindədir. Bu canlıların onurğalılara nisbətən daha çox və bütöv aşkarlanması mumiya rolunu oynayan qır və onlarda xitin örtüyünün yaxşı qalması ilə izah olunur.

Qəbiristanlıqda sümüklərdən əlavə, mumlaşmış bağ, dəri və vətər parçalarına, həmçinin müxtəlif növ bitki qalıqlarına rast gəlinib. Buradan tədqiqatçılar belə nəticəyə gəlir ki, o vaxt Abşeron yarımadasında ağaclıq və kolluq müasir dövrə nisbətən daha zəngin olmuşdur. Əsasən quraqlığa davamlı kserofit və bataqlıq bitkiləri üstünlük təşkil etmişdir. Sonralar mühit dəyişkənliyi, təbii fəlakət və s. səbəblərdən o dövrdəki bəzi heyvanların nəsli kəsilib.

1938-53-cü illərin qazıntılarında buradan ümumən 300-ə qədər heyvan və bitki növünün qalıqları tapılıb. Kolleksiyada 43 növ məməli, 105 növ quş, 2 növ sürünən, 1 suda-quruda yaşayan, 120-dən çox böcək, 22 bitki növü, 1 molyuska vardır. Alimlər əmindir ki, bütün bu tapıntılarldan əlavə, qəbiristanlıq təqribən 100 cücü növünü gizli saxlayır.

Burada qırın qalınlığı 4 metrdir. Lakin qazıntılar sübut edir ki, kəndin tikintiləri altında olan hissələrdə bu rəqəm 7-ni keçir. Ərazi aşkar olunanda sümük və bitki qalıqları hətta yerin üzərinə çıxıbmış.

Binəqədi fauna qəbiristanlığı yerli alimlərdən əlavə, Rusiya və Ukrayna geoloqlarının da tədqiqat obyekti olub. Tapıntılar barədə məlumatlar Təbiət Tarixi Muzeyinin 12 cildlik əsərində, respublikamızın və xarici ölkələrin dövri elmi nəşrlərində, mətbuatında 100-dən artıq məqalədə öz əksini tapmışdır.

Bu təbiət abidəsində əllə qazılmış 11 neft quyusunun nişanələri vardır.

Binəqədi fauna və flora qəbiristanlığında qazıntılar 1953-cü ildə dayandırıldıqdan sonra 2011-ci ilin mayında bərpa edilmiş və indiyəcən davam etdirilir.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
Növbəti məqalədəPrezident İlham Əliyev bu sahədə çalışanların maaşını artırdı – TAM SİYAHI