Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumları ilə birgə Qəbələ rayonuna səfər ediblər.
Bineqedi.info xəbər verir ki, ilk öncə uşaqlar Binəqədi rayon parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov uşaqların yola salınma mərasimində iştirak edərək, onlara uğurlu yol və xoş istirahət arzulayıb. Qəbələ Regional Resurs və Təlim Mərkəzinin dəstəyi ilə təşkil olunan ekskursiyada uşaqlar Qəbələ rayonunun görməli yerləri, tarixi abidələri, eləcə də Qəbələdə məskunlaşan udin tayfalarının Nic qəsəbəsinə səfər edərək onların tarixi, mədəniyyəti barədə geniş məlumat əldə ediblər.