10 avqust 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sədrliyi ilə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə başçının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Rayon Məşğulluq Məzrkəzinin direktoru Anar Bagiri, bələdiyyə sədrləri, sahə və qəsəbə inzibai ərazi dairələri üzrə nümayəndələr, mənzil-kommunal istismar sahələrin rəisləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Elxan Allahverdiyev Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2019-cu ilin I yarımilliyi ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Natiq çıxışında qeyd etdi ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən RİH başçısının müavini Vüsar İsmayılov qeyd etdi ki, Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir.
Çıxış edən Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Anar Bagiri və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov ötən dövr ərzində görülmüş işlər barədə məlumat verdilər.
Tədbirin sonunda cari dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fəxri adlara layiq görülmüş şəxslərə medallar təqdim olundu. Belə ki, müvafiq sərəncamlara əsasən Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevə və Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyevə “100 illik yubiley medalı”, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədova isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edildi.