Mayın 27-də saat 1 radələrində Binəqədi rayonu Xocəsən yolunda “VAZ-2121” markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bineqedi.info Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Lakin o, avtomobilə əyləşib hərəkətini davam etdirərək tabesizlik göstərmiş və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə və piyadalara təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil süni tıxac yaradılmaqla saxlanılıb.
Araşdırmalarla sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub. Onun əməllərində avtoxuliqanlıq hərəkətləri olduğu üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.
Bineqedi.info