“Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınması planlaşdırılır”.
Bineqedi.info saytı xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə bir islahatın yaxın 2-3 il ərzində həyata keçirilməsi nəzərdə tutulur: “Bu, prinsip etibarilə daha məntiqli və asan görünür”.
Nazir bildirib ki, uşaq bağçalarının infrastruktur tələbi müasir reallıqlara uyğunlaşmalıdır: “Bu sahədə özəl bağçalarla əməkdaşlıq edilə bilər”.
“Aparılan monitorinqlərin nəticələri onu deməyə əsas verir ki, yüzlərlə bağçada qidanın saxlanması və hazırlanması infrastrukturunda ciddi problemlər var. Bu da özlüyündə müxtəlif həll yolları tələb edir. Bu istiqamətdə işlərimiz davam edəcək”.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaq bağçalarında qidalanma ilə bağlı ilkin monitorinq və müşahidələr davam edir: “Qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən uzun müddət vaxt keçib. Hazırda mütəxəssislər bu istiqamətdə iş görürlər. Nazirlik bir neçə il əvvəl internat tipli məktəblərdə qidalanma normaları və mexanizmlərini dəyişdirib. Bağçalarda model fərqlidir. Lakin yenə də oxşar modelə keçməyi, yaxud hansısa formada qidalanmanın daha da uyğun formata salınmasını düşünürük. Çünki mövcud qida normalarının bəziləri müəyyən mənada məntiqli görünmür”.
“Bütün işlər planlaşdırıldığı kimi davam etsə, ilin sonuna qədər ölkə üzrə modul tipli məktəblərin inşası yekunlaşacaq”.
Nazir bildirib ki, bununla da kiçikhəcmli məktəblərin şəraiti yaxşılaşacaq: “Söhbət şagird sayı 100-ə qədər olan məktəblərdən gedir. Digər məktəblərin təmiri və ya inşası istiqamətində də işlər davam edir. Bu il daha çox layihələndirmə olmaqla növbəti illərdə maksimal sayda məktəblərin təmiri nəzərdə tutulub. Bu il investisiya ilə bağlı birinci mərhələdə 105 milyon, daha sonra isə 57 milyona yaxın vəsait ayrılacaq”.
“Təhsil uzunmüddətli və arası kəsilməz prosesdir. Təhsildə təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir”.
Nazir bildirib ki, bu barədə müzakirələr aparılmalıdır: “Bu kimi biznes münasibətlərinin tənzimlənməyən istiqaməti də var. Bu ayrılıqda müəllimlərin öz şagirdləri ilə məşğul olması, valideynlərin övladlarının aşağı yaşlarından repititor yanına qoyması məsələsidir. Bir çox hallarda bu, təhsilin keyfiyyəti ilə əlaqələndirilir. Lakin aparılan təhlillər onu göstərir ki, bu, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur”.
O bildirib ki, Azərbaycanda təhsil hələ də biznes fəaliyyəti kimi qəbul edilmir və hər zaman bunun yanında bir tənqid səsləndirilir: “Valideynlərin övladlarını özəl sektora qoymaq üçün çəkdiyi xərc dövlətin bir uşağın təhsilinə ayırdığı xərcdən, təxminən, 10 dəfə çox olduğundan orada daha yaxşı qidalanma, təhlükəsizlik və infrastruktur var. Bu da valideynin hüququ kimi qəbul olunur. Valideynlər əsasən uşağının aşağı yaşlarında təhsili üçün pul xərcləməyə başlayır. Bu xərc əyrisi 6-cı sinifdə aşağı düşür. Abituriyent dövrü gələndə yenidən hazırlıqlar başlayır. Bunun psixoloji tərəfləri və minlərlə əlaqəlidir. Təhsil nöqteyi nəzərindən həmin xərcləmə əyrisi uşağın inkişafına o qədər də optimal təsir etmir. Əksinə, ortadakı boşluq sonda effektiv olmayan nəticələrə gətirib çıxarır”.
“Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur”.
Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: “Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəb rəhbərliyi və valideynlər qeyd olunan günlərdə məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər”.
Bineqedi.info