Rusiya-Ukrayna müharibəsi bir çox qlobal miqyaslı məsələlərə işıq tutmaq, kimin hansı niyyətin izi ilə getmək istəyini qənşərə çıxarmaq baxımından daxilində çox aktual məsələlərin cəmləşdiyi proseslər məngənəsinə çevrilməkdədir. Rəcəb Tayyib Ərdoğan bu müharibə ocağının tez bir zamanda sönməsi, qarşıda dünyanı gözləyən böyük taxıl qıtlığından, daha çox insanı faciəvi şəkildə həlak olmaqdan xilas etmək məqsədilə etdiyi cəhdlər bu gün də ara vermir.
Son Lvov görüşü də bu məqsədə xidmət edirdi. Görüşdən öncəki açıqlamalar və edilən təkliflər deməyə əsas verir ki, Türkiyə lideri əsasən Ukraynaya Zelenskini Kreml rəhbəri ilə görüşə razı salmaq məqsədilə getmişdi. Amma nəticədən belə anlaşıldı ki, bu görüş heç də Türkiyənin tam arzuladığı ssenaridə davam etmədi.
R.T. Ərdoğan Ukraynanı Rusiya ilə masaya oturmağa çağırsa da Ukrayna bunun yalnız rus ordusunun bütün Ukrayna ərazisindən tam çıxarılmasından sonra mümkün ola biləcəyini bəyan etməklə suveren mövqeyini ortaya qoyub.
Sözsüz ki, Ukraynanın bu qəti mövqeyi çox doğru strategiyadır. Müharibə nə qədər uzanırsa uzansın, bu mövqedən geri çəkilmək Zelenskinin böyük yanlışlığı ola bilər. Erməni işğalından fərqli olaraq, Rusiyanın Ukraynadakı müharibəsi sırf torpaq uğrunda olan bir savaşdan daha çox Ukrayna milli dövlətini və Ukrayna milli identikliyini tamamilə özününküləşdirmək, Qərb sevdasını ürəyində qoymaqdır.
Hər kəs kimi, Zelenski də çox yaxşı bilir ki, müharibənin bu mərhələdə dayandırılması və yaxud dondurulması Ukraynanın məhvi ilə nəticələnə bilər. Bu səbəbdən də istər Ukrayna dövləti olsun, istərsə də Ukrayna xalqı sona qədər döyüşməkdə israrlıdır.
Lvovda liderlərin ortaq məxrəcə gəlmədiyini təsdiq edən növbəti detal isə Türkiyə, Ukrayna və BMT liderləri arasında baş tutan görüşün cəmi 40 dəqiqə davam etməsi olub. Bunun da məhz Zelenskinin fikrində qəti olmasından, “Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir” tezisini əsas tutaraq güzəşt barəsində düşünmədiyindən irəli gəldiyi ehtimal edilə bilər.
Bu görüş zamanı yeganə qazanc taxıl və Ukraynanın dünya bazarına çıxışı məsələsi idi ki, Türkiyə və Ukrayna arasında Ankaranın maraqlarına cavan verən milyardlıq layihələrlə bağlı razılığın əldə edildiyi deyilir. Beləcə, Lvov görüşü bir daha təsdiq etdi ki, bu ilin sonuna kimi Ukraynada vəziyyət kritik olaraq qalacaq. Dünyada qiymət artımı davam edəcək, taxıl böhranı Afrika, Asiya və Avropada nəzərə çarpacaq dərəcədə qiymətlərə öz təsirini göstərəcək.
Konkret desək, belə olan təqdirdə Putin və Zelenski arasında müharibə davam etdiyi vaxtda görüşün keçirilməsinin mümkün olmayacağı şübhə doğurmur. Lvov görüşünün nəticələrini analiz edərkən belə anlaşılır ki, sülh danışıqları mövzusu təxirə salındı. Çünki Zelenski danışıqların başladılması üçün şərtini açıqladı. Bu şərt isə Rusiya üçün özünə qəsdə bərabər ola bilər.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev son açıqlamalarının birində bəyan edib ki, Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı yalnız anti-Rusiya kampaniyası üçün bəhanə kimi istifadə olunur. Amma Kreml özü də çox yaxşı anlayır ki, əslində bu ilin fevral ayında Ukraynaya qarşı müharibəyə başlamaqla özü Amerikaya belə bir fürsət verib ki, Penqaton və Mərkəzi Kəşfiyyat İdarəsi hibrid müharibə vasitəsilə Rusiyanı zəiflətməyə çalışsın.
Lakin Rusiya höküməti bunu etiraf etməklə kollektiv Qərbin və ABŞ-ın oyununa gəldiyini, savaşın yanlış seçim olduğunu bəyan etmiş sayıla bilərlər ki, bu da rəsmi Moskvanın mövqeyinə və ölkə daxilindəki nüfuzuna növbəti ağır zərbə kimi yadda qalacağını anladıqlarından belə bir addım atacaqları inandırıcı görünmür.
Buna görə də müharibə qeyri-müəyyən bir tarixə kimi davam edəcək. Hazırda Ukraynada taktiki döyüşlər davam etsə də, Rusiya diqqətçəkən irəliləyişə nail ola bilmir. Görünən odur ki, Rusiya ordusu nə Donbassın tamamilə tutulmasına nail ola bilir, nə də Xarkov istiqamətində səylərini artıra…
Rusiya sözügedən istiqamətlərdə güclü müqavimətlə üzləşir. Ancaq Ukrayna da böyük qüvvə ilə əks-hücuma keçmir, Rusiyanın arxa cəbhəsindəki cəbhəxanalara zərbələr endirir. Bu zərbələr isə Rusiya ordusunun hücum əməliyyatlarını daha da yavaşlamasına səbəb olur ki, nəticədə tərəflər mövqelərini qorumaq məqsədilə müdafiə xarakterli döyüşlər aparmaq məcburiyyətində qalırlar. Belə olduğu üçün hücum əməliyyatının artacaq itki demək olacağını bəri başdan düzgün analiz edən hər iki tərəf risk etməkdən çəkinir. Proseslərin belə davam etməsi isə heç şübhəsiz ki, ən çox ABŞ-ın işinə yarayır: Ağ Ev üçün Rusiyanın zəifləyib haldan düşməsi Ukraynanın dağılmasından daha önəmlidir.milli.az