“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi ehtimalları çox yüksəkdir”.
Bineqedi.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistan yenidən siyasi danışıqlardan yayınmaq və vaxtı uzatmaq, götürdüyü öhdəliklərin icrası prosesini yubatmaq niyyətindədir:
“Görüş ehtimallarının yüksək olduğunu əyani şəkildə nümayiş etdirən Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşü misal çəkmək olar. Ermənistan və Azərbaycan liderlərinin görüşü öncəsi xüsusi nümayəndələrin görüşü keçirilir və bu görüşlər liderlərin görüşünə hazırlıq xarakteri daşıyır.
Lakin may ayının 22-də keçirilmiş görüşdən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdi və nəticədə Azərbaycan “Qisas” antiterror əmliyyatını həyata keçirməklə öz məqsədinə çatmaqda qərarlı olduğunu sübuta yetirdi. Qisas əməliyyatından dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi ki, “biz Naxçıvan ilə əlaqənin təmin olunmasına imkan yarada bilərik”.
Lakin biz son dövrlər baş verən proseslərdən görürük ki, Ermənistanın baş naziri Azərbaycanla sərhəddə 3 Nəzarət Buraxılış Məntəqəsinin təhsis olunması ilə bağlı qərar verib və bu, NBM-lərin məkanları və coğrafiyaları tamamilə anlaşılan deyil və bizim nəzərdə tutduğumuz Zəngəzur dəhlizi ilə uyğunluq təşkil etmir. Bu, yenidən məsələni yubatmaq, siyasi danışıqlardan yayınmaq və vaxtı uzatmaq mahiyyəti daşıyır. Əməli-praktiki müstəvidə bizim nəzərdə tutduğumuz məsələlərin həllini ehtiva etmir.
Məhz yeni Brüssel görüşündə artıq regionun hərbsizləşdirilməsi, erməni silahlılarının regionu tərk etməsi və iqtisadi nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı qəti tələb ortaya qoyulacaq. Eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı məsələ yarımçı qalır və yekun sülh müqaviləsi ilə bağlı da müvafiq maddələr üzrə iş icra olunmur. Bu, tamamilə qəbul olunmayan bir mənzərədir və bizim siyasi baxış bucağımızla uyğunluq təşkil etmir. Ona görə də düşünürəm ki, Brüssel görüşü mühim siyasi nəticələr vəd edir. Çünki Azərbaycan son dövrlər öz qətiyyəti, prinsipiallığı və liderinin siyasi iradəsinin nümayişinin icra olunması ilə xüsusilə diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin son bəyanatında Qarabağda yaşayan ermənilərin siyasi-hüquqi statusunun olmaması və bu məsələnin tamamilə bağlanıldığı, arxivə göndərildiyi ilə bağlı mühim mesajlar həm də Ermənistan və onun arxasında duran qüvvələr üçün də bir xüsusi mesaj əhəmiyyəti daşıyır və artıq bu məsələ siyasi gündəlikdə deyil. Siyasi gündəliyi Azərbaycan müəyyənləşdirir, qalib Azərbaycan diqtə edir və bu gün masada olan bütün məsələlər həm də regionun inkişafına yönəlib.
Azərbaycan bununla yanaşı üçtərəfli birgə bəyanata uyğun olaraq Laçın dəhlizinə alternativ yolun inşasını icra edib. Zabux, Sus və Laçın şəhərinin mərkəzinin azad olunması prosesi gedir. Avqustun sonuna qədər bu proses icra olunacaq və Şarl Mişelin vəd etdiyi iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan görüşün yubanması da məhz alternativ dəhlizin və onun ətrafında baş verən proseslərin icrası ilə bağlıdı. Bu proses Azərbaycanın xeyirinə uğurla yekunlaşdıqdan sonra siyasi danışılqarı davam etdirmək mühim əhəmiyyət kəsb edəcəkdir ki, Azərbaycanın bundan sonra yeni tələblər irəli sürməsi də gözlənilir”.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sonuncu görüş 22 mayda Brüsseldə olmuşdu. Şarl Mişel görüşdən sonra elan etmişdi ki, yenidən Brüsseldə iyul və ya avqust ayında görüşəcəklər. İyul arxada qaldı, avqust ayı da bitmək üzrədir, hələlik Brüsseldə Azərbaycan prezidentinin köməkçisi ilə Ermənistanın Təhlükəsizlik Şurasının sədri görüşüblər.
Liderlərin may ayındakı görüşündə sərhədin delimitasiyası, tranzit məsələləri, sülh müqaviləsinin müzakirəsinin davamı barədə razılıq var idi. Bundan başqa Şarl Mişel demişdi ki, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Görüşdən keçən 3 ayda bunların heç birinə nail olunmayıb, Nikol Paşinyan vaxtı uzatmaqla məşğuldur.