İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.
Qeyd edilib ki, etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılıb.
“İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir”, – deyə məktubda vurğulanıb.
“Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm”.
Bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: “Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər”.