Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyirik”

0
2097

“Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik”.

Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.

“Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. “Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar.

Dövlətimizin başçısı qeyd edib: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər”.

“Qarabağda əsas maneə basdırılmış minalardır. Bundan başqa, bizim üçün hər hansı bir maneə yoxdur. Biz bunun üçün maliyyə ehtiyatlarımızı səfərbər etmişik”.

“Qarabağın yenidən qurulması bizim sərmayə proqramımızın əsas hissəsini təşkil edəcək. Qarabağ bizim üçün ən yüksək prioritetdir. Çünki insanlar da öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər”, – deyə dövlət başçısı diqqətə çatdırıb.

“Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrell, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

“Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda, bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni, oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, – deyə dövlət başçısı vurğulayıb.

Biz Avropa Komissiyası ilə, eyni zamanda, müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik.

Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri kimi manyak özünü aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik”

Avropa Parlamentində korrupsiya hallarına toxunan Prezident İlham Əliyev deyib ki, bu qurum ilkin olaraq öz korrupsiya məsələlərini həll etməlidir. Hər hansı digərlərini müəyyən bir günahda ittiham etmək əvəzinə, öz məsələləri ilə məşğul olmalıdır.

“Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir. Gördüyümüz işlər bizə bütün növ yüklərin daşınmasına imkan yaratdı”.

“Mərkəzi Asiyadan gələn yüklər Azərbaycan ərazisindən keçir. Xəzər dənizi bizi ayıran yeganə maneədir. Lakin müasir texnologiyalarla istehsal etdiyimiz gəmilər bunun da aradan qaldırılmasına imkan yaradacaq. Bizim böyük sərmayə layihələrimiz həyata keçirilir”, – deyən Azərbaycan Prezidenti bunu çox müsbət və yeni nəticələrə gətirib çıxaracaq reallıq hesab edib.

Müharibədən sonra onlar (ermənilər – red.) yüzlərlə minanı məhz təmas xətti olacaq yerlərdə basdırıblar, yəni, separatçı qüvvələrlə Azərbaycanın Silahı Qüvvələri arasında olan yerlərdə. O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Biz Rusiya sülhməramlılarını və Türkiyə monitorinq missiyasının üzvlərini dəvət etdik, həmin minaları onlara göstərdik. Bu onu göstərir ki, erməni terroru davam edir.

Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin dəqiqliyi tam deyil”.

“Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Bizim göstərə biləcəyimiz nailiyyətlər çoxdur”.

Konfransın Bakıda keçirilməsi üçün müəyyən problemlərin oluduğunu deyən dövlətimizin başçısı tezliklə müəyyən problemlərin həllinə nail olunacağına ümid etdiyini bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, sülh istiqamətində növbəti mühüm addım ola bilər.

“Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər”.

“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, – dövlət başçısı əlavə edib.

Əvvəlki məqaləBinəqədidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Növbəti məqalədəBinəqədidə qardaşını bıçaqlayan şəxs saxlanılıb