Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.
Bineqedi.com xəbər verir ki, o, bu barədə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı danışıb.
Nazir qeyd edib ki, biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqları inkişafını təmin edə bilmərik.
“Yenə deyirəm, mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.
Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.
İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq”, – deyə nazir əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb.
Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: “Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37 %-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur”.
Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb.
O bildirib ki, monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
“Bu hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb”.
Gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihədə tətbiqi nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda məsələ müzakirə olunur: “Bağçalar dövlət tərəfindən maliyyələşir, özəl sektor isə burada idarəetmə və keyfiyyəti təmin edə bilər. İlkin layihələr hazırdır və alternativ modellərin tətbiqi istiqamətində UNICEF-lə ciddi əməkdaşlıq edirik. Müzakirə mərhələsində olan digər layihə isə kiçik kəndlərdə ailə tipli məktəbəqədər təhsil modelləridir. Bu da uşaqların məktəbəqədər təhsilə cəlbinin əhatəliliyinin artırılmasına kömək edəcək”.
Qeyd edək ki, “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.