Ermənistanın müdafiə naziri Ararat Mirzoyan ölkəsinin Avropa ittifaqına inteqrasiyası ilə bağlı planlarını açıqlayıb. Avropa İttifaqının və ABŞ-ın mass-mediasına müsahibələr seriyasından sonra Mirzoyan Türkiyənin də kütləvi informasiya vasitələrinin reportyorlarının suallarını cavablamaq istəyib.
Onun dediklərindən bəlli olur ki, sən demə, Ermənistanın qısamüddətli və orta perspektivli strateji planlarında Türkiyə ilə münasibətləri normallaşdırmaqla avrointeqrasiyanı sürətləndirmək var.
Məsələn, “TRT World” telekanalına verdiyi müsahibəsində Ararat Mirzoyan Ermənistanın Avropa İttifaqına üzv olması perspektivləri ilə bağlı xeyli danışıb.
“Son üç-dörd ildə müqavimət göstərməli olduğumuz çağırışları və riskləri nəzərə alsaq, Ermənistanda mövcud yeni imkanlar fəal müzakirə olunur. Bu imkanlar arasında Avropa İttifaqına üzvlük ideyasının da yer aldığını desəm, sirr açmaram”, – A.Mirzoyan söyləyib.
Maraqlıdır ki, İrəvan Aİ-yə inteqrasiyası məsələsini məhz Türkiyə ilə münasibətlər müstəvisində nəzərdən keçirir. Sanki İrəvan Ankaranı əmin etmək istəyir ki, bundan sonra Türkiyəyə münasibətləri əvvəlkindən və indikindən tam fərqlənəcək, yeni davranış modelini seçəcək və ən nəhayət, guya Ermənistanın gerçəkdən də tam yeni xarici siyasət kursu var.
İş o yerə çatıb ki, erməni diplomatlar bağlı qapılar arxasında türk həmkarlarına müraciət edərək Aİ məsələsində İrəvana dəstək vermələrini rica edirlər.
Halbuki Ankara heç bir halda Aİ-yə üzvlüyün yolları və metodologiyası ilə bağlı ermənilərə məsləhət verə bilməz, belə niyyətə də malik deyil.
Çünki Türkiyə ermənilərin əsl niyyətinə və xüsusilə də Brüsselin vədlərinin nə demək olduğuna bələddir.
Xatırladaq ki, 1987-ci ilin aprelində Türkiyə Avropa İttifaqına üzv olmaq üçün müraciət ərizəsini Brüsselə təqdim etmişdi. 12 il sonra, 1999-cu ilin dekabrında Aİ Türkiyəni namizəd ölkə statusunda tanıdı. 5 il keçdi, 2004-cü ilin dekabrında Aİ Türkiyənin Aİ-yə üzv olması ilə bağlı danışıqlara razılaşdı.
2005-ci ilin oktyabrında danışıqlar başlandı.
İndi 2024-cü ildir, amma Brüssel hələ də Türkiyə qarşısında ultimativ, ağır şərtlərini ləğv etməyib və bu səbəbdən də Ankaranın Aİ-də üzvlük məsələsi illüzor, reallıq ehtimalı 0 səviyyəsində olan hekayə təsiri bağışlayır.
Türkiyənin üzləşdiyi bu saxtakarlıq aydın göstərir ki, Avropa İttifaqı ona qoşulmaq istəyən ölkə ilə danışıqları istədiyi qədər uzadır, perspektivlərlddə bağlı boş vədləri sıralayır, əslində isə həmin ölkəni sıralarına qəbul etmək istəmir.
Ermənistanın Avropa İttifaqı ilə münasibətləri daha fərqlidir: Brüssel İrəvana vədlər verməklə məşğul olsa da, həmin vədlərin özləri belə, tragikomik təsir bağışlayır.
Avropa İttifaqının başlıca məqsədi Cənubi Qafqazda geosiyasi və iqtisadi təsir rıçaqlarına yiyələnmək, Rusiyanın bölgədəki strateji maraqlarına mümkün qədər ağır zərbə vurmaq, Moskvanın regiondakı mövqelərini minimuma endirmək və sonda Rusiyanın Cənubi Qafqazı tərk etməsinə nail olmaqdır.
Bu istiqamətdə İrəvan sadəlövhcəsinə vədlərə inanan vasitə rolunu oynayır.
Ermənistanın baş naziri Nikol Paşinyan vədləri real perspektivlər hesab edir, Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasını (EUMA) ölkəsinin təhlükəsizliyinin təminatında, xüsusilə də sərhədlərin qorunmasında effektiv vasitə hesab edir.
İrəvan yeni strateji səhvlər mərhələsinə qədəm qoyub və ermənilərin hakimiyyət elitaları necə fəlakətli yanlışlıqları sıraladıqlarının fərqində deyillər.
Postsovet məkanı ilə bağlı idarəolunan xaos strategiyasına əsaslanan və onillər əvvəl hazırlanmış planı həyata keçirməkdə davam edən Qərb artıq aşkar, sərt şəkildə İrəvandan Rusiyanın təsirindən çıxmağı, Moskva ilə arasındakı siyasi məsafəni mümkün qnədər artırmağı və xarici siyasətdə konkretləşmiş Qərbə meylli istiqamətin reallaşmasını tələb edir.
Sözügedən vəsiləyə görə də Ermənistanla hər hansı sənəd imzalamaq fikrində olanr dövlət mütləq şəkildə marionetka İrəvanla yanaşı, ermənilərin kölgədə duran “hami”si Fransa ilə “rejissor”u Avropa İttifaqının mövqelərini nəzərə almalıdır.
Nikol Paşinyan da situasiyanı etirf edib: “Moskva bizə çoxdan arxa çevirdiyindən və maraqlarımızla tələblərimizi nəzərə almadığından Qərblə münasibətlərin aktivləşməsi qaçılmaz alternativdir”.
İrəvandakı hakimiyyət isteblişmentinin belə mövqeyi ölkədə ciddi parçalanmaya start verib.
Belə ki, erməni siyasətçilərin və xüsusilə də iş adamlarının təqribən yarısı hesab edirlər ki, Qərbin tələbi ilə Rusiya ilə münasibətlərin tələsik sərinləşdirilməsi, əlaqələrin minimuma endirilməsi Ermənistan iqtisadiyyatına çox ağır zərbələr vuraraq ölkədə ciddi iqtisadi-maliyyə və soaial böhranlara səbəb ola bilər.
Onlar Ermənistan iqtisadiyyatının əksər sahələrinin Rusiya şirkətlərindən və bazarından asılı olduğunu xatırladırlar.
Reallıq Paşinyan üçün acıdır: Ermənistanın təbii qaz təminatı və paylanması şəbəkələri, elektroenerji istehsalı və paylanması şəbəkəsi, Mesamor atom-elektrik stansiyası, Razdan su-elektrik stansiyası, mədənlər, banklar, telekommunikasiya sahəsi və s. ya bütünlüklə, ya da əksəriyyət etibarilə Rusiya kapitalına məxsusdur.
Ermənistanın dəmiryolları şəbəkəsi də bütünlüklə Rusiyanın kontrolundadır.
Rusiyada yaşayan ermənilərlə orada işləyən erməni miqrantların sayı 3 milyonu keçib.
Məhz bu səbəbdən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ötən həftə ironiya ilə söyləyib: “Ermənistan rəhbərliyi unutmasın ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistan vətəndaşlarının sayından çoxdur”.
Onu da unutmayaq ki, MDB ölkələrinin Avrasiya iqtisadi Birliyi və Gömrük İttifaqının üzvü olan ermənistan bu təşkilatlarda təmsil olunmağının verdiyi gömrük və vergi imtiyazlarından yararlanır.
Rusiya hələlik gözləmə mövqeyi tutub, çünki Ermənistanın sadalanan strukturlardan kənarlaşdırılması Paşinyan hakimiyyətinə təsir rıçaqlarından könüllü imtina olardı.
Nikol Paşinyan isə reallığı görmür, illüziyalara qapılaraq Qərbə doğru hərəkət edir. Onu Ermənistan vətəndaşlarının yarıdan çoxu da bu məsələdə dəstəkləyir.
Səbəb təkdir: ermənilər düşünürlər ki, əgər Avropa İttifaqına üzv dövlət statusu əldə etsələr, Ukrayna, Moldova və Gürcüstanın vətəndaşları kimi, Aİ-yə vizasız giriş hüququna yiyələnəcəklər.
Halbuki bu “imtiyaz” da qüsurlu uğurdur və ciddi məhdudiyyətlərə malikdir.
Məsələn, Aİ ilə Gürcüstan arasında analoji rejim bir neçə ildən bəri mövcuddur.
Gürcüüstan vətəndaşlarnı Aİ ölkələrində işləmək hüquqa malik deyillər. Üstəlik, onlar Aİ ölkələri ərazisində hər dəfəsi 90 gün olmaqla, fasilərlə ildə 6 ay ola bilərlər.
Ukrayna, Gürcüstan və Moldova vətəndaşlarının Aİ ölkələrində stabil, leqal şəkildə işləyərək pul qazanmaq imkanları yoxdur.
Ermənistan Aİ üzvlüyünə namizəd ölkə statusunu əldə edərsə, erməniləri də məhz belə perspektiv gözləyir.
Yaxın illərdə Ermənistanın belə status əldə edəcəyini düşünmək sadəlövhlükdür və status alınarsa belə, İrəvanın Moskvadan asılılığı azalmayacaq.
Nikol Paşinyan illüziyalara qapılmaq əvəzinə, Rusiyadan uzaqlaşmaq üçün konkret addımlar atmalıdır.
Qərb ermənilərə təhlükəsizlik təminatı və yaranması qaçılmaz iqtisadi-maliyyə problemlərinin həlli üçün dəstək vəd etmir.
EUMA-nın Ermənistandakı 209 müşahidəçisi erməniləri sakitləşdirə bilməz – Paşinyanın bütün vədlərinə rəğmən.
Üstəlik, Avropa İttifaqında və ABŞ-da heç bir dövlət xadimi, siyasətçi ermənilərə müdafiə ittifaqı imzalamağı təklif etməyib, Ermənistanın təhlükəsizliyinin təminatına vəd verməyib.
Ermənistan başa düşmək istəmir ki, regionda vəziyyəti sürətlə gərginləşdirmək, süni problemlər yaratmaqla məşğuldur.
Gərginlik pik həddə çatanda isə Ermənistan tək qalacaq. Onun yanında nə Fransa, nə Yunanıstan, nə də indi vəd verən dövlətlərlə təşkilatlar olmayacaq.trend.az