Binəqədidə şəhidin məzarı ziyarət olunub

0
3273
Şəhid Rəhimli Tural Gəray oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Rəhimli Tural Gəray oğlu 27 oktyabr 2001-ci ildə Xırdalan şəhərində dünyaya göz açmışdı. Əslən Laçın rayonunun Korcabulaq kəndindən olan Tural 2007-ci ildə Xırdalan şəhərində yerləşən Laçın rayon 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin məzunu olmuşdu. Məktəb kollektivinin və sinif yoldaşlarının xatirəsində Vətən sevdalısı, Laçın aşiqi, bayrağa sonsuz sevgisi olan biri kimi qalmışdır.

28 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan Ordusunun əsgəri olan Tural Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimli sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Xocəsən qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Rəhimli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Əvvəlki məqaləOnlara hər ay 1000 manatadək mükafat veriləcək
Növbəti məqalədəBinəqədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – Fotolar