Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu 285 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat müəyyən edilir.
Bineqedi.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.
Qeyd edək ki, 2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
“Biz minimum pensiyanı artırdıqca, pensiyaya çıxmaq üçün kapital artır və pensiya sisteminə daxil olmaqla bağlı çətinliklər yaradır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
“Birinci cavab ondan ibarətdir ki, pensiyanı artıraq, yoxsa artırmayaq. Əgər artırırıqsa, bu da olmalıdır. Bu, sığorta sistemidir, birini edib, digərini etməmək qeyri-mümkündür, biz sistemi dağıdacağıq.
Biz eyni zamanda çox böyük bir amnistiya proqramı elan etdik. Sizlərin dəstəyi ilə 2019-cu ildə Azərbaycanda bir qəpik belə sosial sığorta ödənişi edən insana 25 il sosial sığorta stajı amnistiya ilə hədiyyə edildi və bunlar da pensiya sisteminə girə bilirlər.
Bu gün 2018-ci ilə qədər dövlətə bir qəpik sosial sığorta ödəyən hər bir kəs pensiya sisteminə girə bilir. 25 il ona hədiyyə edilir və pensiya alır. Amma insan heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onda onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə əsaslana bilər? Onda biz təşviq edəcəyik ki, heç kim sosial sığorta ödəməsin. Ona görə də biz bu gün bu problemin aktual olduğunu düşünmürük. Əgər vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, artıq biz ona kapital amnistiyası təqdim etmiş oluruq”, – deyə nazir qeyd edib.
“Müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm”.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçkirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir: “Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir. Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik.
Bundan başqa, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması… Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.
C.Məmmədov çıxışı zamanı ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma olduğunu da əlavə edib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə birinci sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin birinci sinfinə 137 862 uşaq gedib. Təxminən 6000-ə yaxın məktəbə gedən uşaqların sayında azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq şəkildə göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çox uşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”.