Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.
Bineqedi.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) məlumat verilib.
Qeyd olunub ki, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət ümumilikdə sabitdir:
“Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi respirator xəstəliklərin artımı müşahidə olunsa da, bu, gözlənilən və nəzarət altında olan bir haldır”.
Məlumata görə, qızılca xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir:
“Hazırda ölkədə kifayət qədər peyvənd ehtiyatı mövcuddur və müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri planlı şəkildə aparılır”.
“İmmunlaşdırma həftəsi” çərçivəsində vaksinasiyadan kənarda qalan 2600-ə yaxın uşağa peyvənd vurulub.
Qeyd olunub ki, 27 aprel-3 may tarixlərində bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi” keçirilib.
Tibb müəssisələrində “İmmunlaşdırma həftəsi”nin təmin edilməsi istiqamətində tədbirlər keçirilib. Eyni zamanda bu proses çərçivəsində uşaqların pediatrik, nevroloji, oftalmoloji, otorinolarinqoloji və digər ixtisaslı müayinələri də həyata keçirilib.









