Gələn ildən bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarıla bilər – RƏSMİ

0
9095

“Gələn il ola bilər ki, bəzi xidmətlər İcbari Tibbi Sığorta zərfindən çıxarılsın”.

Bineqedi.com xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışına dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Qeyd edib ki, TƏBİB tibbi xidməti verən bir qurumdur. İcbari Tibbi Sığorta Agentliyi də göstərilən tibbi xidmətin qarşılığını, yəni dəyərini verir.

“Və bu günə qədər də bu proses belə davam edir. Xidməti TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir. TƏBİB də o büdcə daxilində o xidmətlərin qarşılığını, mövcud olan xidmətləri verir”.

Nəzərə çatdırıb ki, büdcənin azalması ilə bağlı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən müzakirələr hələ davam edəcək.

“Ölkəmizdə sığortalı və sığortalı olmayan kütlə yaradılıb. Sığortalı olmayan kütlə sığorta haqqını ödədikdən sonra sığortalı hesab olunacaqdır. Sığortalı hesab olunacaqdır. Və buna görə də, vətəndaşların bu bölgüsü ilə bağlı İcbari Tibbi Sığorta Agentliyində müzakirələr aparılır. İlin sonuna qədər nəticələr bəlli olacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

“Biz stomatoloqlara işin keyfiyyətinin artırılması məqsədilə ciddi islahatlar keçirmələri üçün xəbərdarlıq etdik”.

Onun sözlərinə görə, ilin əvvəlindən bu prosesin təhlilləri həyata keçirilib:

“Bu, biz tərəfdən verilən boş bir tələb deyildi. Stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar mövcud idi. O vaxtdan bu günə qədər bütün ölkə üzrə stomatoloqların fəaliyyəti dəyərləndirilib. Kifayət qədər vaxt keçib və aşkar etdiyimiz odur ki, ölkədə elə tibb müəssisələri var ki, orada stomatoloqa bir il ərzində bir nəfər belə müraciət etməyib. Yəni vətəndaşlar bu xidmətdən məmnun deyillər. Bizim siyahımızda olan stomatoloqlara il ərzində rəsmi olaraq vətəndaşın müraciəti yoxdur”.

O vurğulayıb ki, vacib olan vətəndaşların aldığı tibbi xidmətdən məmnunluğu, xidmətin keyfiyyəti və fəsadsız olmasıdır:

“TƏBİB ciddi islahatlar həyata keçirəcək. Gələcək dövrlərdə həmin stomatoloqlarla bağlı araşdırmalar davam edəcək. Nəinki stomatoloqlar, ölkədə digər həkimlərin fəaliyyəti də qiymətləndirilir. Fəaliyyətləri ilə bağlı son nəticələr açıqlanacaq”.

Həmçinin qeyd olunub ki, regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması və fəaliyyət göstərdiyi dörddə bir ştatların ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib və bu tədbirlər qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, sosial mediada TƏBİB tabeli tibb müəssisələrində işləyən stomatoloqlar onlara işdən çıxmaq üçün 9 həftə vaxt verildiyi barədə şikayətlər yayıblar.

Əvvəlki məqaləNömrədəki defisə görə cərimə dövrü bitdi – QƏRARın FOTOsu
Növbəti məqalədəBinəqədi rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdur – FOTO