2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər olub.
Bineqedi.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 14,0 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
***
“İşçinin qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əməkhaqqı aldığı dövr var. Lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əməkhaqqının aşağı düşməsinə səbəb olur”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Təklif etdiyimiz yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq. Bunlar əməkhaqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əməkhaqqına bərabər orta əməkhaqqı almasına gətirib çıxaracaq.
Eyni yanaşma 179-cu maddədə nəzərdə tutulmuş hallara da şamil olunur. Belə ki, iş yerinin və orta əməkhaqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əməkhaqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Bu məbləğ aşağıdırsa, bu zaman hesablamalar sonuncu iş gününə aid əməkhaqqı əsas götürülməklə aparılacaq”, – Fuad Heydərov qeyd edib.

















