Binəqədi rayonu, Vüqar Əvəzov adına 300 № li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon Polis İdarəsinin 6-cı polis bölnəsinin rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Bakı Narkoloji Mərkəzinin əməkdaşı-sosioloq Fidan Ataxanlı, 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin rəhbəri Ziyat Nəbiyev, V.Əvəzov adına 300 № li tam orta məktəbin direktoru İradə Xəlilova, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbirdən öncə qonaqlar məktəblilərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.
Məktəbin direktoru İradə Xəlilova qonaqları salamlayaraq maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova qeyd etdi ki, Azərbaycanda qadınların cəmiyyətdə rolunun güclədirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri, əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir. İnsanın xoşbəxtliyi onun qazandığı dəyərə bağlıdır. Ailə insanın seçimidir və xoşbəxtliyi üçün qazandığı dəyərdir. Xoşbəxt ailədə böyüyən uşaq gələcəyin nümunəvi vətəndaşıdır. Ailə daxilində etibarlılıq və həmrəylik varsa, ailədən kənarda yaşanan hadisələr ailədə böhran yaratmır. Ailədə böyüyən uşaq evdə özünü təhlükəsiz hesab etmirsə, uşaq başqa mühitə və şəxslərə üz tutur. Təəssüf ki, o zaman bu uşaqlar riskli və təhlükəli hadisələrlə qarşılaşırlar. Bunun üçün də gələcəyimiz olan uşaqları bütün təhlükələrdən və zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün hər zaman maarifləndirmə işlərinin aparılması vacibdir.
Növbəti çıxış edənlər-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov, Bakı Narkoloji Mərkəzinin əməkdaşı-sosioloq Fidan Ataxanlı çıxışlarında ümumbəşəri bəla hesab edilən və haqlı olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qanun və dövlət proqramları, həmçinin, müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətindən ətraflı bəhs edərək, geniş fikir mübadiləsi apardılar. Natiqlər qeyd etdilər ki, genefondumuzun sağlamlığı, böyüməkdə olan gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi, xalqımızın adət-ənənələrinə, mənəvi-etik dəyərlərinə hörmət naminə ölkənin müvafiq qurumları, qeyri-hökumət təşkilatları, bu məsələdə əsl vətəndaş təəssübkeşliyi ilə səylərini əsirgəməməli, “ağ ölüm”ə birdəfəlik yox deməliyik.
Tədbirdə 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında kiçik səhnəcik nümayiş olundu.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.




















