Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin II mədən korpus 73 ünvanına asfalt örtüyünün çəkilməsi, Bərgüşad küçəsində ağacın budanması, Çərkəz küçəsində kanalizasiya xəttinin bərpa edilməsi, G.Ramazanov küçəsində kanalizasiya xəttinin bərpa edilməsi, C.Cabbarlı küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, 4 uşaqlı aztəminatlı ailəyə yardım edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.























