Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri və qazilərlə Aprel döyüşlərinin onuncu ildönümünə həsr edilmiş görüş keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nizami Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər söbəsinin müdiri Sabir Əliyev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov, şəhid Emin Bağırovun atası İmran Bağırov, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, qazilər-Azər Məmmədov və Elnur Ələkbərov iştirak etdilər.
Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhid ailələrinə və qazilərə böyük ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında qeyd etdi ki, 2016-cı ilin Aprel döyüşləri bizim böyük tarixi qələbəmiz, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər zamanı Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyatlar keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edilmiş, on minlərlə hektar ərazi nəzarətimizə keçmiş, torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmışdır. Bu döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərərək bir daha dünyaya sübut etdilər ki, Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistanın yaratdığı mif ordumuz tərəfindən tamamilə darmadağın edildi. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu ən yüksək keyfiyyətlərə malikdir, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri Vətən müharibəsində qazandığımız Şanlı Qələbəmizin başlanğıcı idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu döyüşlər haqqında bu fikirləri səsləndirib: “Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”.
Daha sonra çıxış edən Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Hacı Məmmədov Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin şücaətindən bəhs etdilər, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdilər. Natiqlər qeyd etdilər ki, dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunmuş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Qəhrəman övladlarının əziz xatirəsinin daim yaşadılmasından söhbət açan şəhid valideynləri və döyüş yollarından bəhs edən igid qazilər onlara daim göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Sonda bir daha şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi və onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün örnək olduğu qeyd olundu.
Vətənimizin ərazi bütövlüyünün bərpası və suverenliyimiz uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.





















