Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır

0
9088
President Donald Trump signs a trilateral joint declaration with President Ilham Aliyev of Azerbaijan and Prime Minister Nikol Pashinyan of Armenia, Friday, August 8, 2025, in the State Dining Room. (Official White House Photo by Daniel Torok)

8 avqust 2025-ci il Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində və Cənubi Qafqazın siyasi gündəmində dönüş nöqtəsi kimi tarixə düşdü. Həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş uzun illər davam edən qarşıdurmadan sonra regionda yeni siyasi mərhələnin əsasını qoyan hadisələrdən biri oldu.

Görüşün yekununda əldə olunan razılaşmalar, sülh prosesinin irəliləməsi istiqamətində atılan addımlar və sonrakı bir il ərzində baş verən hadisələr Vaşinqton zirvəsinin regionun gələcəyinə təsirini yenidən gündəmə gətirir.

Bineqedi.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Rizvan Nəbiyev qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Onun sözlərinə görə, bununla regionda uzun illər davam etmiş işğal üzərindəki status-kvo aradan qalxdı və tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdı:

Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır

“Vaşinqton sülh sammiti isə hərbi müstəvidə de-fakto əldə olunanların siyasi-diplomatik müstəvidə de-yure təsdiq olunması ilə tarixdə yer aldı. Ermənistan baş naziri Azərbaycanın formalaşdırdığı sülh gündəliyində yer alan əsas məsələlər, Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə parlament seçkisinə qatılaraq qələbə qazandı və üçüncü dəfə Ermənistan hökumətini formalaşdırdı. Məhz Azərbaycan liderinin sülh səyləri və strateji baxışları sayəsində keçmiş münaqişə tərəfləri Ermənistan və Azərbaycan bir-birinə düşmən kimi yanaşmır. Tərəflər bir-birilərini gələcək potensial tərəfdaş kimi qəbul edirlər. Postmünaqişə dövründə Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prioriteti siyasi-diplomatik mərhələyə keçidin təmini, əldə olunmuş nəticələrin beynəlxalq hüquq müstəvisində de-yure təsbit edilməsi və regionda davamlı sülhün təmin olunması oldu. Prezident İlham Əliyevin diplomatik yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan hərbi qələbəni son məqsəd kimi deyil, davamlı sülh və regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirir. Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq zonasına çevrilməsi konsepsiyası irəli sürüldü. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar başlandı və sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip müəyyənləşdi”.

Dövlət başçısı diplomatiyası: Azərbaycanın liderlik modeli

R.Nəbiyevin sözlərinə görə, dövlətlərarası münasibətlərin təməl prinsipləri kimi ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığı prinsipləri əsas götürüldü:

“Sülhün və sabitliyin davamlılığının təmin edilməsi üçün kommunikasiyaların açılması gündəliyi formalaşdırıldı, Ermənistana münasibətdə ticarət məhdudiyyətləri aradan qaldırıldı. Beynəlxalq münasibətlər tarixində 1963-cü il Fransa-Almaniya barışığı, 1978-ci Kemp Devid sazişi kimi nümunələr göstərir ki, böyük siyasi transformasiyalar məhz lider diplomatiyası nəticəsində mümkün olur. Müasir beynəlxalq münasibətlərdə dövlət başçısı diplomatiyası xarici siyasətin ən təsirli alətlərindən biridir. Azərbaycan nümunəsində isə bu model işğala hərbi, siyasi-diplomatik vasitələrlə son qoymaq, sonrakı postmünaqişə dövründə isə geniş sülh quruculuğu fəaliyyətləri və regional inteqrasiya siyasəti ilə xarakterizə olunur. Prezident İlham Əliyevin fəaliyyəti bu modelin uğurlu nümunələrindən biri hesab olunur. Burada dövlət başçısı danışıqlarda iştirak edən tərəf və yeni siyasi gündəliyin müəllifi olmaqla regional təhlükəsizlik modelinin təşəbbüskarı, sülhə yönəlik uzunmüddətli strateji baxışın formalaşdırıcısı kimi çıxış edir. Bu baxımdan sülh təşəbbüsünün müəllifi, onun siyasi məzmununun formalaşdırıcısı, təməl prinsiplərini müəyyən edən məhz Azərbaycan Prezidentidir. Hazırkı mərhələdə əsas məqsəd hərbi-siyasi nəticələrin hüquqi müstəvidə təsbit edilməsidir.

Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır

Deputatın fikrincə, bu, aşağıdakı mərhələləri əhatə edir:

“Ermənistanın Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasını çıxarması;

– Paraflanmış sülh müqaviləsinin imzalanması;

– Parlamentlər tərəfindən ratifikasiya edilməsi və diplomatik kanallarla bu barədə notalar mübadiləsi;

– Diplomatik münasibətlərin qurulması və dövlətlərarası münasibətlərin formalaşdırılması istiqamətində ilk mühüm addımın atılması;

– Gələcək sahəvi əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədi ilə müqavilə-hüquq bazasının yaradılması.

Bu yanaşmanın kökündə tərəflərin bir-birini düşmən kimi deyil, gələcək potensial tərəfdaş kimi qəbul etməsi dayanır”.

Prezident Trampın rolu və Vaşinqton sülh sammiti

Deputat əlavə edib ki, Vaşinqton Zirvə görüşü Azərbaycan-Ermənistan normallaşma prosesində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir:

“Vaşinqton platforması tərəflər arasında sülh gündəliyinin irəli aparılması və əldə olunmuş siyasi razılaşmaların beynəlxalq dəstəklə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu proses eyni zamanda Cənubi Qafqazın beynəlxalq təhlükəsizlik gündəliyində artan rolunu və regionda davamlı sülhün təmin edilməsinə aparıcı beynəlxalq aktorların marağını nümayiş etdirir. Bu kontekstdə avqustun 8-i xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır. Bu tarix postmünaqişə dövründə diplomatik prosesin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə və Azərbaycanın sülh siyasətinin beynəlxalq legitimliyinin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə hesab oluna bilər. Vaşinqtonda imzalanmış sənədlər isə yalnız siyasi bəyanatlar deyil, gələcək normallaşma prosesinin hüquqi və institusional əsaslarının formalaşdırılmasına xidmət edən mühüm çərçivə sənədləri kimi çıxış edir. 2025-ci ilin 1 dekabrında tam şəkildə başa çatmış ATƏT-in Minsk prosesinin bağlanması məsələsinin də əsası məhz Vaşinqton sülh sammiti vaxtı qoyulmuşdu. Hətta Prezident İlham Əliyevin bu istiqamətdəki diplomatik səylərinə Prezident Donald Tramp Birgə Bəyannaməni şahid qismində imzalamaqla dəstək ifadə etmişdir”.

Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır

TRIPP layihəsi və yeni regional əməkdaşlıq modeli

Parlamentari ABŞ Prezidenti Donald Trampın diplomatik səylərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan diplomatik təşəbbüslərə yeni impuls verdiyini bildirib:

“Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qarşılıqlı məktublar və mesajlar ikitərəfli münasibətlərin yüksək səviyyəsini əks etdirməklə yanaşı, sülh prosesinə verilən siyasi dəstəyin mühüm göstəricisi kimi qiymətləndirilə bilər. 2026-cı ilin fevralında Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının da əsasında 2025-ci ilin 8 avqustunda Vaşinqtonda imzalanan ikitərəfli Anlaşma Memorandumu dayanır. Postmünaqişə dövründə sülhün dayanıqlı olması yalnız siyasi razılaşmalarla deyil, həm də iqtisadi qarşılıqlı asılılığın və regional inteqrasiyanın gücləndirilməsi ilə mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü yanaşma regionda nəqliyyat, enerji, ticarət və rəqəmsal bağlantılar üzərində qurulan yeni əməkdaşlıq modelinin formalaşdırılmasına əsaslanır. Zəngəzur dəhlizi, TRIPP layihəsi – bu yeni regional baxışın mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Layihə Cənubi Qafqazı Şərq ilə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji iqtisadi məkan kimi inkişaf etdirməyi hədəfləyir. Bu yanaşma Orta Dəhlizin imkanlarından daha səmərəli istifadə olunmasına, Zəngəzur dəhlizinin açılması ilə regional nəqliyyat şəbəkəsinin tamamlanmasına, eləcə də enerji və rəqəmsal bağlantı layihələrinin inteqrasiyasına xidmət edir”.

Deputat bildirib ki, sülh prosesi yalnız siyasi münasibətlərin normallaşdırılması deyil, həm də yeni regional iqtisadi arxitekturanın formalaşdırılması deməkdir:

“Nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji əməkdaşlığının genişləndirilməsi və rəqəmsal bağlantıların inkişafı Cənubi Qafqazı qlobal ticarət və logistika zəncirinin mühüm həlqəsinə çevirə bilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistana münasibətdə ticarət restriksayalarının sülh müqaviləsinin imzalanmasından əvvəl aradan qaldırılması Azərbaycanın sülhün əldə olunmasına növbəti mühüm töhfəsi kimi dəyərləndirilir. Ölkəmizdən yanacaq məhsullarının Ermənistana tədarükü də bu strategiyanın mühüm elementidir”.

Hərbi qələbədən diplomatik ZƏFƏRƏ: Cənubi Qafqazda yeni sülh erası başlayır

Sülhün dividendləri və perspektivlər

“Azərbaycan-Ermənistan sülhü yalnız iki dövlət üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradır. Sülh regional təhlükəsizliyi möhkəmləndirəcək, kommunikasiyaların açılmasını təmin edəcək. Sülh iqtisadi inteqrasiyanı sürətləndirəcək və xarici investisiyaları artıracaq. Sabit inkişaf məkanına çevriləcək Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının səmərəliliyini yüksəldəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyası Azərbaycanın hərbi qələbəsini uzunmüddətli siyasi və hüquqi nəticəyə çevirməyə yönəlmiş strateji xətdir. 2020-ci ildə əldə olunmuş hərbi uğurlar və 2023-cü ildə suverenliyin tam bərpası ilə formalaşmış yeni status-kvo məhz Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində yaranmışdır. Hazırkı mərhələdə əsas vəzifə bu yeni reallığın hüquq müstəvisində tam təsbit edilməsi, yəni sülh müqaviləsinin imzalanması və ratifikasiya edilməsidir. Məhz möhkəm hüquqi baza regionda dayanıqlı əməkdaşlıq modelinin formalaşdırılmasının əsasını təşkil edəcək.

Bu baxımdan Prezident İlham Əliyevin sülh siyasəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas strateji faktor kimi qiymətləndirilə bilər”, – deyə R.Nəbiyev fikrini tamamlayıb.

Əvvəlki məqaləElxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO