Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 28 May qəsəbə ərazisində sahibsiz heyvanların ərazidən yığışdırılması, Şirvan və Şollar küçəsində yüksək tonnajlı yük maşınlarının məhəllədaxili küçələrin asfalt örtüyünü yararsız hala salması, 28 May qəsəbə ərazisində ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Vətən küçəsində kanalizasiya xəttinin 60 m-lik hissəsinin böyük diametrli kanalizasiya xətti ilə yenilənməsi və asfalt örtüyünün bərpası, Dostluq küçəsində yararsız vəziyyətdə olan dəmir su borusunun yenisi ilə əvəz olunması, Bakı-Şamaxı yolunda Şamlıq ərazisində aşmış və qurumuş ağacların ərazidən götürülməsi, Şirvan küçəsinin bir hissəsində enerji təchizatının zəif olması səbəbindən yeni transformator quraşdırılması, C.Orucov küçəsinin asfalt olmayan hissəsinə asfalt örtüyünün vurulmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com



















