Bakıda əcnəbi vətəndaşın avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, yanvarın 14-də Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı və Binəqədi rayon 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayeva qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.
Araşdırma aparılır.