Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin hücumu nəticəsində işğal edilmişdir. Onda Qubadlı şəhəri və rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Ərazisindən daim axırlı Həkəri və Bərgüşad çayları keçir. Kəndlərin əksər hissəsidə Həkəri və Bərgüşad çayları ətrafında yerləşirdi. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı. Qubadlıda bundan başqa mərmər karxanası da var idi.
Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, yerləşir. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.
İşğaldan qabaqkı illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. İşğal nəticəsində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Polkovnik Həmidovun 2016-cı ilin aprelində erməni işğalçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki böyük şücaət göstərərək Milli Qəhrəman adına layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.
Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!
Fizuli Həsənov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri, 1-ci qrup Qarabağ qazisi