Təcili yardım xidməti ödənişli olacaq? – Açıqlama

0
3008
tecili-yardim

“Azərbaycanda təcili yardım xidməti ödənişli əsaslarla göstərilmir”.

Bineqedi.com xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə də əhaliyə dövlət tərəfindən göstərilən təcili tibbi yardımın ödənişli olması düşünülmür: “Bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.

“Vətəndaşlar baş verən təcili hallarda aidiyyəti üzrə xəstəxanalara yox, ilkin yardım üçün istənilən xəstəxanaya üz tuta bilərlər”.

Onun sözlərinə görə, İcbari Tibbi Sığortanın layihəsi tətbiq olunandan sonra TƏBİB-in bütün tibb mərkəzlərində təcili tibbi yardım şöbələri yaradıldı:

“Təcili tibbi yardım şöbələrinin funksiyası təcili yardım edilməsi ilə bağlı problemlərin həll edilməsi istiqamətindədir. Vətəndaşlar xəstənin ağırlıq dərəcəsindən asılı olaraq xəstəxanaya və ya hərəkətində məhdudluq olan şəxslərlə bağlı “103” çağrı mərkəzinə müraciət edə bilərlər.

Bizim hər bir poliklinikamızda ilkin cərrahi tibbi yardımı göstərmək üçün xüsusi kabinetlər ayrılıb. Böyük xəstəxanalarımızda, tibb mərkəzlərimizdə isə Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada seçim vətəndaşa aiddir.

Vətəndaşlara ilkin yardımı göstərməyən istənilən tibb personalı bizimlə eyni yola davam etməyəcək”.

“Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək”.

O qeyd edib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb:

“Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə, differensiallı, standart və reanimobil təcili tibbi yardım maşınları olacaq. Bunlardan 5 ədədi tam elektrikli avtomobillərdir. Tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə, onların daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir” .

V.Qurbanov əlavə edib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.

“Gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacaq”.

Bunu “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin müdiri Vüqar Ramazanov deyib.

O qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır.

Şöbə müdiri, həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub:

“Bu sistem daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Eyni zamanda103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək. Sistemin digər üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir.

Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəsətənin olduğu məkana çata bilərlər. Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yeniik vasitəsilə ehtiyac yaranan halarda briqada həkimləri 7/24 online rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək”.

“Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb”.

Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli bildirib.

O qeyd edib ki, ambulansların, quraşdırılmış və daşına bilən cihaz və avadanlıqların daim saz və işlək vəziyyətdə saxlanılması məqsədilə cihazlar, avadanlıq, dərman və tibbi sərf təminatı standartları artıq hazırlanıb:

“Ambulans və cihazların yoxlanılması, ambulansların növbələr arasında təhvil-təslimi, təmizlənməsi və dezinfeksiyası, çantaların yenilənməsi  və s. bu kimi işləri tənzimləyən proseduralar hazırlanıb.

Son dəqiqləşdirmələr aparılır və təsdiq üçün TƏBİB daxilində müvafiq proses başlanacaq. Bu məsələlərdə cavabdehlik mexanizmlərinin sistemləşdirilməsi və işlək hala gətirilməsi planlanır”.

E.Məmmədli bildirib ki, bütün ölkə üzrə stansiyaların allokasiyasına yenidən baxılır:

“Bu dəfə əhali sıxlığı ilə yanaşı, xəstəxanaların yerləşməsi, yol infrastrukturu, mövcud stansiyaların yerləşməsi kimi meyarlar da nəzərə alınacaq. Abşeron yarımadasında fəaliyyət göstərən TTYX stansiyalarına əlavə olaraq 12-16 yeni stansiyanın – filialın yaradılması planlanır. 10-11 filial uyğun gələn ərazilərdə TƏBİB tabeli tibb müəssisələrində yaradılacaq. Digərləri üçün isə müvafiq yer axtarılacaq.

Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək”.

Əvvəlki məqaləBaş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT: Saxlanılanlar var
Növbəti məqalədəBu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür