Daxili qoşunların tərkibi müəyyənləşdiriləcək.
Bineqedi.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların tərkibi aşağıdakılardan ibarət olacaq:
– idarəetmə orqanı;
– daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissə və bölmələr;
– xüsusi təyinatlı təhsil müəssisələri;
– təminat hərbi hissə və bölmələri.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.
Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsini Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.
Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq:
– qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət; – vahid və mərkəzləşdirilmiş rəhbərlik;
– daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;
– beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;
– döyüşə və səfərbərliyə daimi hazırlıq;
– döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;
– dövlət sirrinin qorunması;
– hərbi intizamın möhkəmləndirilməsi;
– şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbi anda sədaqət hissin, öz Vətəninin tarixi və ənənələrinə dərin məhəbbət, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;
– daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsi;
– gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.
Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:
– konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
– terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;
– fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi, fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
– Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;
– Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları müəyyənləşdirilir.
Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq:
– inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri;
– axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;
– fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
– daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.
Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir.
Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir.
Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
***
Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdiriləcək.
Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.
Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ olacaq:
– insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;
– xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;
– girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
– insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;
– fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;
– qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;
– qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;
– terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.








