Paytaxtın Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən kiçik ailəvi dərzi sexinin fəaliyyəti dövlət dəstəyi hesabına genişləndirib. Ailə ənənəsini yaşadan gənc dərzi Elay Musayeva Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə yeni avadanlıqlarla təmin olunub.
Bineqedi.com xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən 21 yaşlı Elay Musayevanın sözlərinə görə, dərzilik sənəti onların ailəsində uzun illərdir davam edir: “Atam dərzi olub, mən də onun yolunu davam etdirmişəm. Uşaqlıqdan bu peşəyə marağım var idi. Orta məktəbi bitirdikdən sonra dərzilik sənətini peşəkar şəkildə öyrəndim və hazırda fəaliyyətimi ailəmizə məxsus sexdə davam etdirirəm”.
O bildirib ki, sex yaşadıqları evin həyətində yerləşir: “Müştəri sayının artması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sexdəki avadanlıqların yenilənməsinə ehtiyac yaranmışdı. Bu məqsədlə 2024-cü ildə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.
Müraciətə baxıldıqdan sonra layihə müsbət qiymətləndirildi və sex yeni avadanlıqlarla təmin olundu. Dəstək çərçivəsində bizə 3 yeni tikiş maşını və digər zəruri avadanlıqlar təqdim edildi. Qısa müddətdə avadanlıqlar tam şəkildə adımıza rəsmiləşdiriləcək. Yeni avadanlıqların quraşdırılması sexin istehsal imkanlarını artırmaqla yanaşı, sifarişlərin daha operativ və keyfiyyətli icrasına şərait yaradıb. Bu isə həm ailə biznesinin inkişafına, həm də gələcəkdə əlavə iş yerlərinin yaradılmasına zəmin formalaşdırır”.
Elay Musayeva dövlət dəstəyinin kiçik sahibkarların fəaliyyətinin genişlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlərlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək, müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

















