Ermənistanın xarici siyasət oyunu – Qərblə, yoxsa Moskva ilə bazarlıq edir?

0
6
pasinyan-ermenistan.png

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqını (Aİİ) “iflic vəziyyətdə olan qurum” kimi xarakterizə edib və ölkəsinin alternativ xarici-iqtisadi istiqamətlər axtardığını bəyan edib. Əslində, son illərdə İrəvan-Moskva münasibətlərində müşahidə olunan gərginlik fonunda bu cür bəyanatlar təəccüblü deyil. Xüsusilə Paşinyan 2018-ci ildə hökumət başçısı seçiləndən sonra Rusiyaya etimad ciddi şəkildə zəifləyib. Bu səbəbdən Ermənistan siyasi və iqtisadi baxımdan alternativ tərəfdaşlar, daha dəqiq desək Qərbə inteqrasiya siyasətinə təkan verib. Hətta ötən il Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair qanun layihəsini də qəbul edib. Aİİ çərçivəsində üzv dövlətlər arasında ticarət, gömrük əməkdaşlığ davam etsə də, Ukrayna ilə müharibədən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalar təşkilatın iqtisadi potensialını əhəmiyyətli dərəcədə zəiflədib. Digər tərəfdən üzv ölkələrin xarici siyasət prioritetləri də getdikcə fərqlənir. Qazaxıstan, Ermənistan və müəyyən dərəcədə Qırğızıstan Moskvanın bütün geosiyasi təşəbbüslərinə tam dəstək vermir. Bu isə Aİİ daxilində siyasi koordinasiyanı çətinləşdirir, bu isə ittifaqın geosiyasi təsir imkanlarının zəifləməsi deməkdir.

Ermənistanın Avropa İttifaqına üzvlüyü nə dərəcədə realdır?

Paşinyan hökuməti son dövrlərdə Avropa İttifaqı ilə münasibətləri strateji istiqamət kimi təqdim edir. Bununla belə, Ermənistanın yaxın perspektivdə Aİ-yə tamhüquqlu üzv olması real görünmür. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə Avropa İttifaqına üzvlük uzun illər davam edən hüquqi, iqtisadi və institusional islahatlar tələb edir. Bundan əlavə, Ermənistanın iqtisadiyyatının əhəmiyyətli hissəsi hələ də Rusiya bazarı, enerji resursları və maliyyə axınlarından asılı olaraq qalır. Oxu.az xatırladır ki, bu asılılıq qısa müddətdə aradan qaldırıla biləcək səviyyədə deyil. Digər tərəfdən Kopenhagen meyarlarına əsasən, namizəd ölkələrin Avropa İttifaqına üzv olması üçün yerinə yetirməli olduqları şərtlər var. Bu kriteriyalar üzrə Aİ-yə üzv olmaq istəyən ölkə üç əsas meyara cavab verməlidir: siyasi, iqtisadi normalara və Aİ-nin təməl prinsiplərinə əməl etmək. Eyni zamanda, siyasi meyarların yerinə yetirilməsi namizəd ölkə ilə üzvlük danışıqlarına başlamaq üçün ilkin şərtdir. Bu meyarlar 1993-cü ildə Kopenhagendə Avropa Şurası tərəfindən müəyyən edilib, daha sonra 1995-ci ildə Madriddə Avropa Şurası tərəfindən gücləndirilib. Ermənistan isə bu sahədə hələ tam hazır deyil və ciddi islahatlar aparmalıdır. Çünki Aİ standartlarına uyğunlaşma üçün korrupsiya ilə mübarizənin, məhkəmə islahatlarının və demokratiyanın gücləndirilməsi vacibdir. Siyasi meyarlarda əksini tapan standartlara əsasən, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına, etnik və azlıqlara hörmət və müdafiəyə zəmanət verən institutlar tələb olunur. Ermənistan isə monoetnik dövlətdir. Digər şərtlərlə yanaşı, bu nüans da ittifaqın siyasi konsepsiyası ilə tərs mütənasiblik təşkil edir. Digər mühüm məqam isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyüdür. Aİİ vahid gömrük məkanı və ortaq ticarət siyasəti üzərində qurulduğundan Avropa İttifaqının vahid bazarına tam inteqrasiya ilə bu model arasında ciddi hüquqi ziddiyyətlər mövcuddur. Buna görə də Ermənistan eyni vaxtda hər iki iqtisadi blokun tamhüquqlu üzvü ola bilməz. Yəni bir tərəfdən Rusiya ilə iqtisadi əlaqələri qorumağa, digər tərəfdən isə Avropa və ABŞ ilə münasibətləri dərinləşdirmək strategiyasının uzunmüddətli davamlılığı sual altındadır. Çünki Rusiya Cənubi Qafqazı öz ənənəvi təsir zonası hesab edir və Ermənistanın Qərbə yaxınlaşmasını diqqətlə izləyir. Digər tərəfdən Avropa İttifaqı da İrəvandan islahatlar və xarici siyasətdə daha aydın seçimlər gözləyir. Belə şəraitdə Ermənistanın həm Moskvanın, həm Brüsselin, həm də Vaşinqtonun maraqlarını eyni səviyyədə təmin etməsi getdikcə çətinləşir. Xarici siyasətdə balans imkanları müəyyən həddə qədər işləsə də, regional geosiyasi rəqabətin dərinləşməsi bu manevr sahəsini daraldır.

Regional sülh prosesinə mümkün təsirlər

Paşinyanın “iki stulda oturmaq” siyasətinin Azərbaycan-Ermənistan münasibətlərinə, dolayısı ilə Cənubi Qafqazda sülh və sabitliyin davamlılığına təsirləri var. Əgər Ermənistan Qərblə inteqrasiyanı sürətləndirmək niyyətindədirsə, bu halda regionda sabitliyin təmin olunması onun üçün daha böyük əhəmiyyət daşıyacaq. Çünki regionda təsir dairəsi demək olar ki, yoxa çıxan Moskva ilə boşluğu doldurmaq istəyi və hər iki prosesi Ermənistan üzərindən həyata keçirilmək cəhdi sabitliyə xələl gətirən amillərdəndir. Azərbaycan üçün isə prioritet dəyişmir. Bakı regionda yeni reallıq yaradıb, milli maraqlar və təhlükəsizlik birmənalı şəkildə müqayisə və müzakirə olunmaz mövzulardır. Bunun fonunda isə davamlı sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi gündəlikdə duran əsas məsələlərdəndir. Bu baxımdan Ermənistanın hansı geosiyasi platformaya yaxınlaşmasından daha çox götürdüyü öhdəlikləri praktikada necə icra etməsi daha vacibdir və proseslərin məntiqi nəticəsi olaraq daha həlledici rol oynayır.

Əvvəlki məqaləMetronun “Azadlıq Prospekti” stansiyasından sərnişinlər niyə çıxarılıblar?
Növbəti məqalədə1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı