Ramiz Göyüşov yazır: “Məhəbbətdən yaranmış əsər”

0
85
heyder-eliyev-ulu-onder

Ulu öndər Heydər Əliyevin cismani yoxluğundan ötən 16 ilə yaxın zaman ərzində Azərbaycanın hər rayonunda, az qala hər şəhərində, kənd və qəsəbəsində dahi rəhbərə abidə qoyulmuşdur. Bu abidələrin böyük əksəriyyəti bir vaxtlar Ulu Öndərin rəhbərliyi dövründə rayon və şəhərlərimizə səfəri zamanı, onun çıxış etdiyi, insanlarla görüşdüyü meydanlarda, məkanlarda ucaldılmışdır. Adama elə gəlir ki, Ulu Öndər sanki elə həmin məkanda əbədi qalmaq üçün abidələşib.

Ötən illər ərzində Heydər Əliyev haqqında saysız-hesabsız şeirlər, poemalar, bədii-publisistik yazılar, elmi-tədqiqat əsərləri yazılıb, yaradılıb. Uşaqdan böyüyədək, məktəblidən peşəkar rəssamadək onun minlərlə rəsmi, portreti, filmlər, videolentlər çəkilib, musiqilər yazılıb. Lakin ona olan ümumxalq məhəbbəti bitmir, tükənmir, əksinə yeni formada yeni məzmunda təzahür edir.

Bir vaxtlar Ulu Öndərimiz deyirdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam.”

Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə söylədiyi bu kəlamların təsdiqini biz hər an, hər gün həyatımızda, fəaliyyətimizdə hiss edirik. Bütün bunlar ondan irəli gəlir ki, O, ən böyük abidəni özü insanların ürəyində, qəlbində ucaltmışdır.

Heydər Əliyev obrazı zaman-zaman şairlərimizin, alimlərimizin, nasirlərimizin, rəssamlarımızın, bir sözlə, sənət adamlarımızın əsərlərində yaradıcılığında parlaq şəkildə büruzə verir.

Akademik Nizami Cəfərov Heydər Əliyev fenomenini xarakterizə edərək yazır. “…bu ad (Heydər Əliyev-R.G)” bizim yalnız siyasi-ideoloji təfəkkürümüzə deyil, ədəbi-bədii düşüncəmizə də möhtəşəm, genişmiqyaslı bir obraz gətirdi. Milli xilaskar, böyük fikirlər və əməllər sahibi Heydər Əliyevin obrazı Azərbaycan ədəbiyyatını, xüsusilə poeziyasını mən əminəm ki, sadəcə zənginləşdirməklə qalmayacaq, onun qarşısında yeni üfüqlər, yeni ideya-estetik fəaliyyət meydanı açacaq, Azərbaycan şairinə bu vaxta qədər görünməmiş bir ruh, mənəvi enerji (ilham) verəcəkdir.”

Hörmətli Nizami müəllimin fikri özünü tam mənada doğrultmaqdadır.

Ulu Öndər haqqında yeni-yeni əsərlər – məzmunca, formaca, mənaca yeni əsərlər yaranmaqda davam edir.

Heydər Əliyev şəxsiyyətini öz yaradıcılığında canlandıran, vəsf edən, tərənnüm edən yaradıcı sənətkarlarımızdan biri də Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktyor, şair, dramaturq, teatrşünas İftixar Piriyevdir. İftixar Piriyev qədim türk yurdlarımızdan biri olan Qaraçöp mahalının (Gürcüstan Saqareco rayonu) Düz-Əyrəm kəndində anadan olub.

İftixar Piriyev İrəvan teatrının səhnəsində hazırlanmış dramaturq Aqşin Babayevin “Xilaskar”, özünün müəllifi olduğu “Qurtuluş dastanı”, yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında yaradılmış tamaşada ümummilli lider Heydər Əliyevin bədii obrazını ustalıqla yaratmışdır. İftixarın Ulu Öndərə həsr etdiyi növbəti əsəri “Müstəqil Vətənin Memarı” poemasıdır. O bu poema əsasında qısametrajlı film də yaratmışdır. Poemanın nəşr variantında kitaba “Ön söz” yazmış iki müəllifdən biri Akademik Nizami Cəfərovdur. Nizami Cəfərov elə giriş sözünün əvvəlindəcə İftixarın bu əsərini poema-dastanı adlandırır.

Əsəri oxuduqca Nizami müəllimin fikirləri ilə razılaşmalı olursan. Doğrudan da əsər poema-dastan formasında yazılmışdır.

Bu, bir tərəfdən Ulu Öndərimizin mənalı ömür yolunun xalq arasında dastanlaşmasından irəli gəlirsə, digər tərəfdən İftixarın mənşəyindən irəli gəlir. Poeziyasevərlərə məlumdur ki, Xalq şairi Zəlimxan Yaqub da Ulu Öndərə həsr etdiyi əsərlərinin əksəriyyətini dastan formasında yaradıb. Ulu Öndərin zəngin və mənalı ömrü xalq arasında əfsanələşmiş bir ömürdür. Görkəmli nasir, Xalq yazıçısı, ictimai və dövlət xadimi Elçin Zəlimxan Yaqubun dastan yaradıcılığına münasibətini belə ifadə edirdi. “Mən sənin dastanını ədəbiyyatımızda ciddi hadisə hesab edirəm və şübhə etmirəm ki, sənin açdığın bu cığır ədəbiyyatımızın güclü qollarından birinə, milli faktoruna çevriləcək.” Və maraqlıdır! Ulu Öndərimiz haqqında əsərini İftixar da dastan üslubunda yazdı. Onun dünyaya göz açdığı məkan, böyüdüyü mühit folklorla çox zəngindir və bu zənginlik onun yaradıcılığına təsir etməyə bilməzdi. Poema-dastan aşağıdakı misralarla başlayır:

Şimşək kimi doğuldu

Naxçıvandan cahana

Tanrı nicat göndərdi

Onu Azərbaycana.

Əslində bu bircə bənd əsərin bütün leytmotivini təşkil edir. Dastanın qəhrəmanı olan Heydər Əliyevin gələcəkdə mübarizələrlə dolu həyatını, xilaskarlıq missiyasını ifadə edir.

Dastanı oxuduqca gözlərin önündə Böyük insanın zamana sığışmayan böyük ömrü – uşaqlığı, gəncliyi, mübarizəsi, həyatının anları, sevinci, kədəri canlanır:

Körpə ikən güc aldı

O, Tanrının özündən

Tanrı ziyası ilə

Nur ələndi gözündən.

Dastan-poemanı başlamaqla oxuyub qurtarmağım bir olur. Oxuduqca Ulu Öndərin, müəllifin dediyi kimi, şimşək tək çaxdığını hiss edirsən. Bununla belə poemanın hər bəndində, hər sətirində, hər kəlməsində böyük ömrün anları, canlanır.

Ömür bir yol başladı

Öz atını sürməyə

Tanrı tale göndərdi

Öz hökmünü verməyə.

İftixarın yaratdığı bu poema-dastan üç əsas boydan və 9 qoldan ibarətdir. Lakin bu qolların hər biri bir tarixdir, bu tarixin hər biri əzəmətdir.Bu tarixi yaradan da, yazan da, yaşadan da Ulu Öndərin özüdür.

Təcrübə göstərir ki, siyasi mövzuda nəzm əsəri yazmaq,qəhrəmanın obrazını siyasi proseslərdə canlandırmaq müəllifdən cəsarətlə yanaşı, həm siyasi yetkinlik, həm də poetik istedad tələb edir.

İftixar bu poema-dastanı yaratmaqla özünün həm cəsarətini, həm də poetik istedadını ortaya qoymuş və siyasi mövzuda mükəmməl bir əsər yaratmışdır.

Əsrin neft kontraktı

Cəsarətdən doğuldu.

Bakı, Tiflis və Ceyhan

Müqəddəs amal oldu.

və ya

Bakı, Tiflis, Ərzurum

Tikilən qaz kəməri.

Bakıdan Avropaya

Mavi alov naməri.

Fikrimcə, dediklərimin sübutuna misal gətirdiyim bu ikicə bənd kifayət edər.

Poema-dastanı oxuduqca oxumaq istəyirsən və onu hər oxuduqca Böyük ömrün anlarını zərrə-zərrə kəşf edirsən.

Əslində bu yazını yazana qədər bu əsəri oxumuşdum. Lakin bu günlərdə YAP Binəqədi rayon təşkilatının qərargahında ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə İftixar Piriyevin müəllifi olduğu “Müstəqil Vətənin Memarı” filminə baxdıqdan sonra bu yazını yazmaq qərarına gəldim. Mənim fikrimcə, çox maraqlı və mükəmməl bir əsər meydana gəlmişdir. Bu əsərdə hər şey var. Söz də, səs də, görünüş də, musiqi də. Və bütövlükdə bu komponentlər bir-birini o qədər tamamlayıb ki, filmə heyran olmaya bilmirsən. Dastanda söz, məzmun nə qədər güclüdürsə, poetika nə qədər qüvvətlidirsə, səs, musiqi, görüntülər onu daha güclü edir.

Bəzən elə olur ki, qəhrəmanı təsvir etməyə, onun nəhəngliyini oxucuya təqdim etməyə sözün qüdrəti çatmır. Belə olanda müəllif sözü musiqi ilə, səs ilə, görüntü ilə, oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırır.

Azərbaycanın poeziya tarixində hər zaman rast gəlinən məqamlardan biri şairin şeirini öz səsində ifadə etməsidir. Bu fikrə Səməd Vurğundan bu yana bugünkü şairlərimizə qədər çoxsaylı misallar gətirmək olar. Əslində şairin bədii qiraət qabiliyyəti olmasa da, şeir şairin öz səsində maraqlı səslənir. “Müstəqil Vətənin Memarı” poemasının Azərbaycan tamaşaçısına təqdim olunan variantında səs müəllifin – İftixarın öz səsidir. Ancaq təkcə şair İftixarın yox, həm də aktyor İftixarın səsidir. Mən bilmirəm teatrşünaslıqda bu səsi necə adlandırırlar, ancaq bu təkcə aktyor yox, həm də qeyri-adi səs tembrinə malik peşəkar aktyor İftixarın səsidir. Bu səs təkcə poema-dastanı danışmır. Həm də Böyük ömrün anlarını xüsusi intonasiya ilə təsvir edir. Onu çözür, sapı düzür. Yerində və yatağında.

Poemanın musiqi ilə müşayiəti onu (filmdə məşhur bəstəkarlarımız Qara Qarayev və Müslüm Maqomayevin musiqilərindən istifadə edilmişdir.) daha da güclü, maraqlı edir.

Təbii ki, İftixar bu əsəri yaradarkən uzun zaman düşünüb-daşınmışdır.

Bu əsərə qədər İftixar “Böyük Turanın Himni” himn-poemasını yazmışdı. Bu poema-dastan da sanki həmin poemanın daha orijinal məzmun və formada davamıdır. Bu poemalardan sonra isə o, “Qurtuluşa gedən yol”, “Nurlu ömrün anları” səhnə əsərlərini yazmış və tamaşaya hazırlamışdı.

Ulu Öndərə həsr olunmuş səhnə əsərlərində o, Heydər Əliyev obrazını məharətlə yaratmışdı. Bu səbəbdən Heydər Əliyev obrazı İftixarın qəlbində yaşayıb, içində böyüyüb. Hətta elə olur ki, İftixar həyatda da bu obrazla yaşayır, onun danışığında, hərəkətlərində, jestlərində hiss edirsən. Məhz bu səbəbdən də dərhal anlayırsan ki, Heydər Əliyev obrazı İftixarda Heydər Əliyevə böyük məhəbbətdən yaranıb.

Yenidən akademik Nizami Cəfərovdan sitat gətirməli oldum: “Ədəbiyyatın məfkurə enerjisi alması üçün bitib tükənməyən bir mənbə var. O, Heydər Əliyevdir. İftixar “Müstəqil Vətənin Memarı”nı yazarkən öz ilhamını məhz ondan almışdı”.

Ramiz Göyüşov

“İki sahil” qəzeti

Əvvəlki məqaləBinəqədidə kafe müdirini öldürənin cinayət işi – Məhkəməyə göndərilib
Növbəti məqalədəBinəqədi rayonunda təmizlik işləri davam etdirilir – Fotolar