BİNƏQƏDİ RAYONU HAQQINDA ÜMUMİ MƏLUMAT

0
724
bineqedi-fauna-tarix

Binəqədi rayonu Bakı şəhər inzibati ərazisinə daxildir.

Bir vaxtlar bu rayona Kirov adı da verilmişdi.

Bineqedi.info xatırladır ki, Binəqədi rayonu şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir.

Məlumat üçün bildirək ki, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə “Binəqədi rayonu”nun əvvəlki adı özünə qaytarılıb və “Kirov” adı ləğv edilib.

Rayonun ərazisi 147,06 kv.km, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.

Rayon ərazisində yaşayan daimi əhalinin sayı 264 600, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir.

Rayonun  inzibati ərazisində  5 qəsəbə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri (Qəsəbə inzibati ərazi dairələri), 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar), eyni zamanda 7 və 8-ci mikrorayon, Dərnəgül yaşayış sahəsi ərazi hüdudlarını əhatə edən 1 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayon ərazi hüdudlarını əhatə edən 2 nömrəli Sahə inzibati ərazi dairəsi (SİƏD) mövcuddur.

Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı “Kirov” qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılıb.

Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. Qəsəbənin əvvəlki adı “Bəlayi-Cari”, sonradan 1936-cı ilədək “Biləcəri kəndi”, 1936-cı ildən isə “Biləcəri qəsəbəsi (şəhər tipli qəsəbə)” adlandırılıb.

Binəqədi qəsəbəsi qədim yaşayış məntəqəsi olmaqla rayonun mərkəzindən 4,2 km aralıda (Biləcəri Dəmiryol stansiyasından 7 km aralı) Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adları “Bineyi-Qazi”, sonradan “Bineyi-Qədim” olub və 1970-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə qəsəbə statusu verilib. Qəsəbə V-VI əsrlərdə hazırda yerləşdiyi ərazidən şərqdə, çökək ərazidə mövcud olub.

Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilib. Görkəmli tarixçi Sara Aşurbəyli bu kəndin adını Xocasən kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Belə ki, kəndin karvan yolunun üstündə yerləşdiyinə görə bu ərazi yaxın ətraf məntəqələrin vergi yığımı üçün münasib olub. Kənddə 3 ovdan olub. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuş Xocasən qəsəbə inzibati ərazi dairəsi 1999-cu ildə yaradılıb. İnzibati ərazi dairəsinə Xocasən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olub.

28 May qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 20 km uzaqlıqda və Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir. Belə ki, indiki 28 May qəsəbəsinin bir hissəsi 90-cı illərdə Xocasən qəsəbəsinin inzibatı ərazisinə daxil olub.
Azərbaycan Respublikasının Prezidentinin 21.05.2004-cü il tarixli 674-IIQ saylı Qanuna əsasən Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisində dəyişiklik edilib və 28 May qəsəbəsi Xocasən inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 28 May qəsəbə inzibati vahidi yaradılıb.

Əvvəlki məqaləBINƏQƏDİ RAYONU üzrə təmizlik və abadlıq işləri davam etdirilir – FOTOLAR
Növbəti məqalədəBinəqədi rayonunda yerləşən təhsil müəssisələri – SİYAHI