Hacı Madər: “Deputat maaşım dolanışığıma kifayət edir”

0
279

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin Madər Musayevin APA-ya müsahibəsi

– Madər müəllim, mediada demək olar ki, müsahibələriniz çıxmır. Özünüz mətbuatdan qaçırsınız, yoxsa…

– Sizinlə razı deyiləm, demək olmaz ki, müsahibələrim, yaxud açıqlamalarım çıxmır. Əslində, zaman-zaman ya ölkədə baş verən hər hansı məsələyə münasibət bildirirəm, ya seçildiyim 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi ilə bağlı ünvanlanan sualları, ya da jurnalistlərin bu və ya digər məsələlərlə bağlı zənglərini cavablandırıram. Təkcə bu il ərzində səhv etmirəmsə ya 4-cü, ya da 5-ci dəfədir müsahibə verirəm. Son vaxtlar isə jurnalist dostlarımızın telefon zəngi ilə ünvanladıqları suallara cavab vermirəm. Bunun da obyektiv səbəbləri var. Əlbəttə ki, jurnalistin informasiya almaq və yaymaq hüququ var, mən qətiyyən buna qarşı deyiləm. Amma bu hüquq həm də onlara imkan vermir ki, müsahibin dediyi sözü başqa formada yazsınlar. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Ümumilikdə isə davamlı olaraq mediada görünməyin tərəfdarı deyiləm.

– 30 ilə yaxındır ki, deputatsınız. Bu müddət ərzində hər hansı qanunvericilik təşəbbüsü ilə çıxış etmisinizmi?

– Bildiyiniz kimi, istər deputatların hazırladığı, istərsə də qanunvericilik təşəbbüsü ilə çıxış edən aidiyyəti qurumlardan Milli Məclisə daxil olan qanun layihələri əvvəlcə müvafiq komitələrdə müzakirə olunur. Ötən müddət ərzində konkret qanunvericilik təşəbbüsü ilə çıxış etməsəm də, təmsil olunduğum komitədə hazırlanan və Milli Məclisin plenar iclaslarına təqdim edilən qanun layihələrinə təklif və qeydlərim olub. Eyni zamanda qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr zamanı da müvafiq təkliflərlə çıxış etmişəm.

– Milli Məclisin plenar iclaslarında demək olar ki, çıxış etmirsiniz. Bunun səbəbi nədir?

– Parlamentdə təmsil olunan hər bir deputat fəaliyyətini “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna uyğun qurur. Həmin qanunda göstərilməyib ki, Milli Məclisin deputatı mütləq bütün iclaslarda çıxış etməlidir. Əlbəttə, çıxışına qadağa da yoxdur. Təmsil olunduğum komissiyada sözümü deyirəm, təklifimi verirəm. Çalışıram ki, Milli Məclis və onun orqanlarının iclaslarında iştirak edim, deputat sorğusu göndərim və digər səlahiyyətlərim daxilində ölkəmə və seçicilərimə faydalı olum. Ən əsası da seçicilərimlə davamlı iş aparıram.

– Madər müəllim, seçicilərinizlə münasibətiniz necədir? Sizcə, deputat-seçici münasibətləri necə olmalıdır? Seçicilərinizin yanında tez-tez ola bilirsinizmi? Daha çox hansı məsələlərlə bağlı Sizə müraciətlər edirlər?

– Bu məsələyə fərdi yanaşmağın tərəfdarıyam. Yəni konkret söhbət Madər Musayevdən gedirsə,mən seçildiyim ərazidə – Binəqədi qəsəbəsində yaşayıram. Hər gün işə gedəndə də, gələndə də seçicilərimi görürəm. Millət vəkili kimi ofisim də elə seçildiyim ərazidə yerləşir. Binəqədi və Biləcəri qəsəbəsi də seçildiyim dairənin hüdudlarına daxildir. Hətta avtomobilimi belə özüm idarə edirəm. Yəni deməyim odur ki, evdən çıxandan işə qədər olan məsafədə yaşayan insanlar məni hər gün görür. Həftədə ən azı 2-3 dəfə yolumu Biləcəri qəsəbəsindən salıram, küçələrə girirəm. Bəzən insanların toplaşdığı yerlərdə avtomobili saxlayıb hal-əhval tuturam, xeyr-şər məclislərində iştirak edirəm. Düşünürəm ki, ola bilsin,kiminsə sözü, müraciəti ola bilər. Yəni bu kimi məsələlərdə seçicilərimlə aramda heç bir məhdudiyyət yoxdur. Deputat dövlətlə seçici arasında bir növ körpü rolunu oynamalıdır. Ötən müddətdə mən bu işin öhdəsindən ləyaqətlə gəlməyə çalışmışam. Heç bir müraciəti cavabsız buraxmamışam. Deputat kimi qəbul günüm yoxdur, demək olar ki, hər gün seçici qəbul edirəm. Seçicilərin istək və tələbləri müxtəlifdir. Kimisi ev istəyir, kimisi övladının təhsil haqqının ödənilməsini, kimisi də xəstəsinin müalicəsinə dəstək olmağı xahiş edir. Əlbəttə, çalışıram ki, qanunun imkan verdiyi çərçivədə dövlətin müvafiq qurumlarına müraciət etməklə seçicilərimin problemlərini həll edim. Bir çox halda şəxsi əlaqələrimdən də istifadə edirəm. Etiraf edim ki, bəzi məsələlər heç də həmişə müsbət həll olunmur. Təbii ki, belə olan halda da seçici narazı qalır.

– Deputatlar bəzən onları qəbul etmədiyinə, qaldırılan məsələlərə baxilmadığına görə nazirlərdən, komitə rəhbərlərindən şikayət edirlər. Siz belə hallarla rastlaşmısınızmı?

– Bu halı istisna etmirəm. Lakin deputatlıq təcrübəmdə belə hallarla çox az qarşılaşmışam. Bəzən nazir, komitə sədri ilə görüş xahiş etmişəm, nəzakətlə bildiriblər ki, məsələn, bu gün yox, üç gün sonra gəlin.Yaxud seçici müraciətini aidiyyətiqurumlara ünvanlamışıq, lakin cavab gecikib. Baxmayaraq ki, müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər. Belə olan halda da şəxsən telefon açmışam, narazılığımı bildirmişəm. Bütün hallarda məqsəd seçicinin müraciətinin müsbət həllindən ibarətdir. Buna nail olduğumuz vaxtlar da olur, olmadığımız vaxtlar da. Digər tərəfdən,deputatın Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti, prokurorluq, yerli özünüidarə orqanları, dövlət müəssisələri, idarələri və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ var.

– Deputat həmkarlarınızla münasibətiniz necədir?

– Çox yüksək səviyyədə. Hətta ötən çağırışlarda parlamentdə təmsil olunan sabiq deputatlarla da münasibətlərim normaldır. Mən dosta, həmkara, bir sözlə dövlətini və millətini sevən hər kəsə dəyər verən adamam. Bunu Azərbaycanda, məni tanıyanlar arasında bilməyən yoxdur. Bir sözlə, mənə qarşı hamı yaxşı olub, ağsaqqal, Hacı kimi dünən də hörmət ediblər, bu gün də edirlər.

– Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

– Dövlətin gücləndirilməsinə, iqtisadiyyatın inkişafına, ictimai-siyasi sabitliyə, xalqın firavanlığına hesablanan islahatlar yalnız alqışla layiqdir. Cənab Prezident İlham Əliyev yorulmadan Ümummilli lider Heydər Əliyevin inşa etdiyi Azərbaycanın daha da güclənməsinə çalışır. Təkcə son bir ildəcənab Prezidentin imzaladığı sərəncamlarla çox yeniliklərin şahidi olduq. Əmək haqları və təqaüdlər davamlı artırılır, iqtisadiyyatın müxtəlif sahələrində islahatlar həyata keçirilir, həssas qrup olan müharibə veteranları, şəhid ailələrinin sosial vəziyyəti yaxşılaşdırılır. İqtisadi sahədə dövlət proqramları çərçivəsində hər gün müəyyən işlər görülür, regionlar inkişaf edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektoru üzrə istehsal və ixrac artıb, dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlıq fəaliyyəti üçün biznes mühiti yaxşılaşdırılıb. Çox uzağa getmək lazım deyil. Elə bu ilin 23 fevralındacənab Prezidentin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanı dəstəkləməyən, alqışlamayan bir nəfər belətapabilməzdiniz. Bu problemdən əziyyət çəkən 800 min insan arasında seçicilərim də var idi. Cənab Prezident bu qərarı ilə hər zaman vətəndaşın yanında olduğunu bir daha əməli işi ilə sübut etmiş oldu. Bütünlükdəcənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət ölkənin milli maraqlarının qorunmasına xidmət edir. İslahatlarla bağlı çox söz demək olar, lakin düşünürəm ki,cənab Prezidentin gördüyü işləri sözlə qiymətləndirmək yetərli deyil, xalqın etimadı, sevgisi, seçimi əsasdır, o da ki, günü-gündən daha da çoxalır.

– Bildiyimiz kimi,qarşıdan növbəti parlament seçkiləri gəlir, gələn ilSizin də deputat fəaliyyətiniz başa çatacaq. Deputat fəaliyyətinizi necə qiymətləndirirsiniz? Seçicilərinizin etimadını doğrulda bildinizmi?

– Azərbaycanda vətəndaşın sosial rifah halının yaxşılaşdırılması üçün görülən hər bir işin memarıcənab Prezidentdir. Parlament, müvafiq icra strukturları, yerli özünüidarəetmə qurumları ölkənin hərtərəfli inkişafı naminə Prezidentin müəyyən etdiyi siyasi kursu həyata keçirməklə məşğuldur. Bu qurumların biri qanunvericiliklə məşğul olursa, digəri həmin qanunların icrasını həyata keçirir. Geridə qalan illərə nəzər salsaq,seçicilərin problemlərinin həlli istiqamətində dövlətin müvafiq qurumları qarşısında qaldırdığım bir çox təkliflər, təşəbbüslər müsbət dəyərləndirilib. Məsələn, ötən bir neçə il ərzində 10 saylı Binəqədi üçüncü Seçki Dairəsində bir sıra sosial infrastruktur layihələriningerçəkləşdirilməsinin təşəbbüskarı olmuşam. Bura Binəqədi qəsəbəsində 182 saylı orta ümumtəhsil məktəbi və 179 saylı orta məktəblər üçün yeni korpusların tikintisi, Gülüstan küçəsində bir neçə döngənin asfalt örtüyünün dəyişdirilməsi, qəsəbənin mərkəzində yeraltı keçidin istifadəyə verilməsi, DSK adlanan ərazidə kanalizasiya və su xətlərinin yenidən qurulması, Mədəniyyət Evinin ən yüksək səviyyədə təmiri və digər işlər daxildir. Bir məsələni xüsusi qeyd edim ki, yeraltı piyada keçidi bu ərazidə sakinlərin və məktəblilərin rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır. Əlillərin bu keçiddən istifadə etməsi üçün də xüsusi hərəkət zolaqları yaradılıb. Müasir tələblər səviyyəsində inşa olunan keçiddə işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılıb ki, bu da insanların rahatlığının təminatına xidmət edir.

Biləcəri qəsəbəsində əsas yolların kompleks şəkildə yenidən qurulması istiqamətində təşəbbüslərim də müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanıb. Ümumi uzunluğu təqribən 5 km yaxın olan Y.Hüseynov və Natəvan küçələri tam yeni görkəmdə insanların ixtiyarına verilib. Bu yollara müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, yol boyu yeni səki daşları düzülüb, işıqlandırma və kommunikasiya xətləri yenilənib. Eyni zamanda qəsəbədə küçələrin işıqlandırılması, bəzilərinin asfalt örtüyünün dəyişdirilməsi, binalar arasında xeyr-şər evlərinin tikintisi, binaların istilik sistemləri ilə təminatı həyata keçirilib, 9-cu mikrorayon ərazisində yerləşən 219 saylı Körpələr Evi yenidən qurulub.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq Biləcəri qəsəbəsində, məhəllə 50-57/68 ünvanında – 11-ci binanın qarşısında və 9-cu mikrorayon ərazisində xeyir-şər evləri tikilərək istifadəyə verilib. Müasir üslubda inşa olunan mərasim zalları lazımi inventar və avadanlıqlarla tam təchiz olunub. İmkanım daxilində tələbələrə, idmançılara və istedadlı gənclərə hər cür dəstək göstərmişəm. Bayramlarda həm Binəqədi, həm də Biləcəri qəsəbəsində yaşayan aztəminatlı ailələrə maddi və mənəvi dəstəyimi əsirgəməmişəm. Düşünürəm ki, ötən müddət ərzində bir deputatın görə biləcəyi işləri artıqlaması ilə görmüşəm,görməkdə də davam edirəm. Bir sözlə, qapımı döyən heç vaxt əliboş qayıtmayıb. Dövlətimə və Prezidentimə güvənərək müraciət edən hər bir seçicinin problemini qanun çərçivəsində həll etməklə onların etimadını doğrultmağa çalışmışam.

Bu sözü bir-iki yerdə demişəm, icazə verin sizə də deyim. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin bir adam kütləni heç vaxt dəfələrlə aldada bilməz. Altı dəfə eyni ərazidən ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan səmimi münasibətim olub. Bu gün də dövlətimizə, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə güvənərək seçicilərimin problemlərinin həllində hökumətin hər cür dəstəyindən istifadə edirəm.

– Bir çoxubelə fikirlərsəsləndirir ki, parlamentdəki deputatların əksəriyyəti yaşlıdır, Milli Məclisdə gəncləşmə siyasəti aparılmalıdır. Sizin buna münasibətiniz necədir?

– Əvvəla dünyanın heç bir ölkəsində yaşlı adamların parlamentə seçilib-seçilməməsi ilə bağlı heç bir qadağa yoxdur. Dünyanın bir parçası olan Azərbaycan demokratik və hüquqi dövlətdir. Ölkədə bütün növ seçkilərdə iştirak Konstitusiya və qanunlarla tənzimlənir. Əgər yaş senzi imkan verirsə,istənilən ölkə vətəndaşı – gənc-yaşlı, kişi-qadın parlament seçkilərində iştirak etməkdə sərbəstdir. Seçilər-seçilməz bu artıq seçicinin etimadına bağlı olan məsələdir. Sevindirici haldır ki, bu gün Azərbaycan parlamentində həm gənc, həm orta, həm də yaşlı nəslin nümayəndələri təmsil olunur.

– Seçkilərdə yenidən deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?

– Mən hazırda Milli Məclisin üzvüyəm, növbəti parlament seçkiləri isə 2020-ci ildə keçiriləcək. Bu barədə danışmaq hələ tezdir.

– Mətbuatda bəzi deputat həmkarlarınızın, habelə Sizinparlament fəaliyyəti ilə yanaşı,özəl biznesinizn olduğubarədə yazılır. Həqiqətən,biznesiniz var, yoxsa deputat maaşınızla dolanırsınız?

– Bir neçə dəfə demişəm, indi də deyirəm: 14-15 yaşımdan ticarətdə işləmişəm, satıcı şagirdliyindən mağaza müdirinə qədər gedib çıxmışam. Bu da çox-çox əvvəl – Sovet dövründə olub. 1990-cı ildən isə deputat seçilirəm. Bir də görürsən ki, bəzi saytlar yazırki, filan mağaza, filan yanacaqdoldurma məntəqəsi, nə bilim filan otel Hacı Madərindir. Amma həqiqətdə elə deyil. Kimin nə deməsindən asılı olmayaraq,qanunla deputatın bizneslə məşğul olması qadağandır. Mən də hamı kimi qanunlara hörmət edirəm. Deputat maaşım dolanışığıma kifayət edir.

-Bu gün cəmiyyətdə Sizi ən çox narahat edən nədir?

– Hər şey qaydasındadır, əladır demək doğru çıxmaz. Harada insan var, orda qayğı da var, problem də var.Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Sosial-iqtisadi problemlər, insanların yaşayışı ilə bağlı narahatlıqlar zaman-zaman aradan qaldırılır. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan sosial dövlətdir vəcənab Prezidentin imzaladığı hər bir Sərəncam, Fərman insanların daha yaxşı yaşamasına, təhsil almasına hesablanıb. Amma bəzi məsələlər də var ki, dövlət onlara müdaxilə edə bilmir. Bu da milli-mənəvi dəyərlər, adət-ənənələrdir. Bu gün məni ən çox narahat edən məqamlardan biri və bəlkə də ən başlıcası insanların sosial şəbəkələrdə davranışlarıdır. Bəziləri böyük-kiçik, qadın-uşaq bilmədən ağzına gələni yazır, videolar paylaşırlar. Xüsusən də qarşı tərəfi tanımadıqları, görmədikləri halda onu təhqir etməkdən sanki zövq alırlar. Bizim gözəl adət-ənənələrimiz, davranış qaydalarımız var. İnsanlar gərək belə məsələlərdə diqqətli olsunlar.

-İqtidar və müxalifət nümayəndələri ilə münasibətləriniz necədir?

– Bir az əvvəl də dedim, bir ağsaqqal kimi hamıdan hörmət görmüşəm. Lakin hər zaman demişəm, bu gün də deyirəm, siyasi nöqteyi-nəzərdən bitərəfəm, amma YAP-ın dostuyam. Dövlətini sevən, görülən bu qədər müsbət işləri qiymətləndirən, təqdir edən konstruktiv müxalifətlə də düşmən deyiləm. Müxalifətin olması qorxulu deyil, yaxşı olmayanı odur ki, bilərəkdən düşmən dəyirmanına su tökəsən, davamlı olaraq hər şeyi qara görəsən, yaxşıya da pis deyəsən. Təəssüf ki, bu gün aramızda bu cür qara-qara düşünən insanlar da var.

– Asudə vaxtınızı necə keçirirsiniz?

– Doğulduğum və hazırda da yaşadığım Binəqədi qəsəbəsinin tarixi çox qədimlərə gedib çıxır, məxsusi adət-ənənələri var. Asudə vaxtlarımda insanlarla görüşür, hal-əhval tutur, qayğılarını dinləyirəm. Onlar kəndçilərimlə yanaşı, həm də mənim seçicilərimdir. Qəsəbənin də nə az, nə çox təxminən 70 minə yaxın sakini var. Düzdür, onlardan yalnız 39 miniseçici kimiqeydiyyatdadır, amma fərqi yoxdur, hamı deyir ki, deputatımızsan. Bir də görürsən qəsəbə sakinidir, gəlib evinin qapısını döyür, açmaya, dinləməyə bilmirsən. Belə şeylər xarakterimə yaddır. Belə olanda da deputatın asudə vaxtı çox az olur. Olanda da ya dostlarla görüşür, ya da evdə istirahət edirəm.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib
Növbəti məqalədəBinəqədi rayonunda növbəti səyyar görüş keçirildi