“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq. Hazırda isə bu məbləğ cari ilin yanvarın 1-dək 1 faiz həcmindədir.
Məsələn, 1000 manat rəsmi maaş alan vətəndaş 1 faizlə 10 manat icbari tibbi sığorta pulu ödəyirdisə, gələn aydan bu məbləğ 20 manat təşkil edəcək.
Sığorta haqlarının artırılması ilə bağlı məsələnin gündəmə gəlməsi ölkədə bir müddətdir tətbiq edilən icbari tibbi sığorta sistemində mövcud olan çətinlikləri bir daha yada salıb. Əksər vətəndaşlar dövlət xəstəxanalarına müraciət edən zaman istədikləri xidməti ala bilməməkdən hələ də gileylənirlər. Bəzi xəstəxanaların, ümumiyyətlə, texniki avadanlıqlarla təchiz olunmadığını, yaxud təchiz olunduğu halda belə mütəxəssislərin olmadığını vurğulayırlar. Bir qisim təbəqəni isə bir sıra xəstəxanalarda mövcud olan sanitar-gigiyenik şərait qane etmir. Buna görə də özəl xəstəxanalara müraciət etməli olurlar. Vətəndaşlar dövlət xəstəxanalarında xidməti ala bilmədikdə özəl xəstəxanalara sığorta ilə müraciətin daha əlçatan olmasını arzulayır. Hazırda mövcud olan prosedur şərtlərinə görə isə bu mümkün deyil.
Mütəxəssislər də həmçinin ölkənin səhiyyə sistemində olan və əhalini narazı salan problemlərin heç də yeni olmadığını dəfələrlə çıxışlarında vurğulayıblar. Bu problemə parlamentin iclaslarında deputatlar tərəfindən də dəfələrlə toxunulubb. Deputatlar da seçicilərindən aldıqları şikayətlərə əsasən bildiriblər ki, pasiyentlər üçün əlçatanlıq təmin edilməlidir, xidmətlər zərfinin siyahısı mütləq genişləndirilməlidir. Həmçinin tez bir vaxtda ölkədə dərmanların qiymətinin baha olmasını nəzərə alıb dərman təminatının sığorta zərfinə daxil edilməsini təklif ediblər.
Qeyd üçün bildirək ki, hazırda xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dur. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Belə ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.