Son günlər müxtəlif internet resurslarında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon ərazisində keçirdiyi növbəti vətəndaş qəbulu ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Paylaşımlarda qəbulda iştirak edən şəxslər arasında mənzil-istismar sahələrinin (“JEK”) əməkdaşlarının da olduğu qeyd olunub.
Məlumat üçün bildirim ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş qəbulları sistemli və davamlı şəkildə təşkil olunur. Rayon rəhbərliyi mütəmadi olaraq sakinlərlə birbaşa görüşlər keçirir, onları narahat edən problemləri dinləyir, səsləndirilən müraciətlərin operativ araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verir. Bu görüşlərin əsas məqsədi vətəndaşla dövlət arasında birbaşa ünsiyyəti gücləndirmək, insanların müraciətlərinə yerində baxmaq və problemlərin həllini sürətləndirməkdir.
Qəbulların keçiriləcəyi tarix və məkan barədə əvvəlcədən ictimaiyyətə məlumat verilir. Qəbul günləri ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında məlumat yerləşdirilib, eyni zamanda yaşayış binalarının girişlərində də elanlar vurularaq sakinlərə çatdırılır. Buna baxmayaraq, hər bir vətəndaşın bu məlumatlardan vaxtında xəbər tutması və ya şəxsi səbəblərdən həmin qəbullarda iştirak etməsi hər zaman mümkün olmaya bilər.
Ən vacib məqamlardan biri odur ki, səyyar vətəndaş qəbulları birdəfəlik tədbir deyil. Bu görüşlər müntəzəm olaraq müxtəlif yaşayış massivlərində keçirilir və qəbulda iştirak edə bilməyən şəxslər sonrakı görüşlərdə və ya Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan qəbul günlərində müraciətlərini birbaşa rayon rəhbərinə çatdırmaq imkanına malik olurlar. Bu baxımdan hər bir vətəndaş üçün müraciət etmək imkanları açıq qalır.
Sosial şəbəkələrdə diqqət çəkən digər məqamlardan biri də qəbulda “JEK” əməkdaşlarının və rəhbər şəxslərinin iştirak etməsi ilə bağlı olub. Halbuki bunun özü idarəetmə baxımından tamamilə normal və zəruri yanaşmadır. İlk növbədə, mənzil-istismar sahələrinin əməkdaşları da digər insanlar kimi Azərbaycan Respublikasının vətəndaşlarıdır və onların da şəxsi problemləri, təklifləri və müraciətləri ola bilər. Bu baxımdan onların vətəndaş qəbullarında iştirak etməsi tam normaldır.
Digər tərəfdən, kommunal xidmət sahələrinə cavabdeh olan rəhbər şəxslərin qəbul zamanı iştirak etməsi bir çox məsələlərin yerində operativ şəkildə araşdırılması və dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki vətəndaşların müraciətlərinin böyük hissəsi məhz həyətlərin abadlaşdırılması, binaların texniki vəziyyəti, dam örtükləri, liftlər, kommunal xidmətlər, təmizlik və digər təsərrüfat məsələləri ilə bağlı olur. Belə hallarda aidiyyəti qurum rəhbərlərinin qəbulda iştirak etməsi rayon icra hakimiyyətinin başçısına vəziyyəti yerində dəqiqləşdirmək, zəruri sualları ünvanlamaq və operativ qərar qəbul etmək imkanı yaradır. Bu isə problemlərin həllini sürətləndirən mühüm amillərdən biridir.
Məhz bu səbəbdən aidiyyəti qurumların nümayəndələrinin vətəndaş qəbullarında iştirakı inzibati idarəetmədə geniş tətbiq olunan və səmərəli hesab edilən praktikadır. Bu yanaşma həm şəffaflığın təmin edilməsinə, həm də müraciətlərin uzunmüddətli yazışmalara ehtiyac qalmadan operativ həllinə xidmət edir.
Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların dinlənilməsi, problemlərinin öyrənilməsi və onların həlli istiqamətində çevik addımların atılması əsas prioritetlərdən biridir. Rayon rəhbərliyi tərəfindən keçirilən mütəmadi görüşlər insanların dövlət qurumlarına əlçatanlığını artırır, onların fikir və təkliflərinin birbaşa dinlənilməsinə şərait yaradır.
Elxan Allahverdiyevin sakinlərlə mütəmadi görüşlər keçirməsi, onları diqqətlə dinləməsi və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara operativ tapşırıqlar verməsi onun vətəndaşlarla açıq ünsiyyətə üstünlük verdiyini göstərir. Bu cür yanaşma dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə və insanların problemlərinə həssas münasibətin formalaşmasına xidmət edir. Bu baxımdan, sosial şəbəkələrdə yayılan ayrı-ayrı iddiaları qiymətləndirərkən emosional yanaşmadan deyil, faktlardan çıxış etmək daha məqsədəuyğundur. İctimai rəyi çaşdırmağa və görülən işlərin mahiyyətini kölgədə qoymağa çalışan məlumatlar əvəzinə, vətəndaşların birbaşa iştirak edə bildiyi açıq qəbulların nəticələrinə və real fəaliyyətə diqqət yetirmək daha obyektiv yanaşmadır.
Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət də xüsusi yer tutur. Rayon rəhbərliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlarla mütəmadi görüşlər keçirilir, onların sosial problemləri və müraciətləri həssaslıqla dinlənilir. Daxil olan müraciətlərin operativ araşdırılması, aidiyyəti qurumlarla birgə həlli istiqamətində zəruri tədbirlər görülməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, şəhid ailələrinin və qazilərin müxtəlif sosial məsələlərinin həllinə dəstək göstərilməsi, onların qayğı və ehtiyaclarına xüsusi həssaslıqla yanaşılması dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial siyasətin yerli səviyyədə icrasının mühüm tərkib hissəsidir. Bu yanaşma cəmiyyətimizin ən həssas təbəqələrinə göstərilən hörmət və ehtiramın, eləcə də vətəndaş məmnunluğunun Binəqədi rayonunda da təmin edilməsinə yönəlmiş fəaliyyətin bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

















