Binəqədidə ilk dəfə 1824-cü ildə püskürən vulkan – Keyrəki

0
302
keyreki-palciq-vulkani2

Keyrəki palçıq vulkanı Binəqədi qəsəbəsi ərazisində yerləşir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır.

Bineqedi.info-nun məlumatına görə, vulkan ilk dəfə 1824-cü ildə püskürüb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilib. Onlardan biri də Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanıdır.
Bu palçıq vulkanının bu günə qədər yayıldığı vulkan palçığının ümumi sahəsi 50-60 hektara yaxındır.

keyreki-palciq-vulkani1

Prezidentin müvafiq sərəncamına əsasən, palçıq vulkanları Dövlət Təbiət Qoruğunun balansına verilib. Bundan sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Palçıq vulkanları qrupları Dövlət Təbiət Qoruğu nəzarət etməyə başlayıb.

Keyrəki palçıq vulkanının qoruq elan olunmuş ərazisi qoruq əməkdaşları tərəfindən ciddi mühafizə olunur, eyni zamanda həmin palçıq vulkanına yaxın ərazilərdə məskunlaşmış əhali arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, onların təhlükəsi və əhəmiyyəti haqqında müxtəlif məlumat və “Xəbərdarlıq” vərəqələri paylanılır.

keyreki-palciq-vulkani

Qoruq ərazisinə girişin məhdudlaşdırılması və vulkanik landşafta təsirin minimuma endirilməsi məqsədilə ərazi boyunca dərin xəndəklər qazılıb, qoruğun sərhədləri boyunca müxtəlif məzmunda kifayət qədər məlumatverici nişanlar yerləşdirilib.

Vulkanın daha intensiv püskürməsi 1952-ci ildə baş verib, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m 3 lava ilə örtülüb.

Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə yadda qalıb – 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verib.

2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə olub. Vulkan brekçiyasının axını qərb və şərq yamaclarında qeydə alındı.

Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir.

Vulkan cəmi 17 dəfə püskürüb ki, onlardan 5-i keçən əsrdə olub. Bütün püskürmələr yeraltı uğultu, partlayış, 15-40 m-dək qalxan brekçiya tullantıları, 1830-cu il püskürməsi istisna olmaqla, qazların yanmaması və alov sütununun olmaması ilə müşayiət edilib.

Əvvəlki məqaləBinəqədili gənc Moskvada ermənini məğlub etdi – Fotolar
Növbəti məqalədəBinəqədi rayonunda yeni peşə təhsili mərkəzi açılacaq